BAKI, 9 sentyabr - Sputnik. Rusiya sülhməramlılarının nəzarət etdiyi zonada hansısa əhəmiyyətli pozuntular qeydə alınmayıb. Bunu həm Bakı, həm də İrəvanda təsdiq edirlər.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
"Biz öz tərəfimizdən Qarabağda atəşkəs rejimini etibarlı təmin edən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında müntəzəm olaraq məlumat verir, Azərbaycan-Ermənistan sərhədində vəziyyətlə bağlı qiymətləndirmələrimizi bölüşür, regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı işlər barədə müvafiq məlumatlarla təmin edirik", - deyə Zaxarova bildirib.
Rusiya XİN sözçüsü deyib ki, ümumilikdə, Bakı və İrəvan arasında münasibətlərin sağlamlaşdırılmasına istiqamətlənən vasitəçilik səyləri barədə ictimaiyyətə və KİV-ə açıqlamalar verilir.
Zaxarova 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının qəbul olunmasının bir illiyi üçün geniş material hazırlayacaqlarını və həmin materialda üçtərəfli bəyanatın icrası ilə bağlı kompleks qiymətləndirmə aparacaqlarını da söyləyib.
Üçtərəfli bəyanat
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Həmçinin oxuyun: