BAKI, 9 sentyabr — Sputnik. Taliban* hərəkatı 200 amerikalıya və digər ölkələrin vətəndaşlarına Əfqanıstandan çarter reysləri ilə uçmağa icazə verib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı hərəkatdakı mənbəyə istinadən xəbər verib.
Bu yaxınlarda ABŞ dövlət katibi Entoni Blinken çarter reyslərinin insanların Əfqanıstandan çıxarılması üçün hazırlandığını, ancaq taliblərin onların uçuşuna icazə vermədiklərini bildirib.
"Biz 200 Amerika vətəndaşı və digər mülki şəxslərin Kabil hava limanından çarter reysləri ilə təxliyə edilməsinə icazə verdik. Amerikalılar və Avropa pasportları olanlar cümə axşamı günortadan sonra Kabil hava limanından uçacaqlar", - deyə Taliban* mənbəsi telekanala bildirib.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini bildiriblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.
* Rusiya Federasiyası və bir çox ölkələrdə nda qadağan olunmuş terror qruplaşması