RUSİYA

Putin: Qlobal təhlükəsizlik ciddi sınaq qarşısındadır

Hazırda dünyada vəziyyətin çox təlatümlü olduğunu bildirən Rusiya prezidentinin sözlərinə görə, köhnə regional münaqişələr nəinki başa çatıb, hətta daha şiddətlə yenidən alovlanıb
Sputnik
BAKI, 9 sentyabr — Sputnik. Qlobal təhlükəsizlik ciddi sınaq qarşısında qalıb, köhnə münaqişələr yenidən alovlanır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin səsləndirib.
"Strateji sabitlik sistemi nəzərəçarpacaq dərəcədə deqradasiyaya uğrayıb. Köhnə regional münaqişələr nəinki başa çatıb, hətta daha da şiddətlə yenidən alovlanıb", – deyə Putin videokonfrans formatında keçirilən BRICS (Brazilya, Hindistan, Çin, Cənubi Afrika) sammitində çıxış edərkən bildirib.
Rusiya Prezidenti qeyd edib ki, hazırda dünyada vəziyyət çox təlatümlüdür.
"Dünyada vəziyyətin kifayət qədər təlatümlü olduğu nəzərə alınarsa, BRICS ölkələrinin sıx əməkdaşlığına böyük ehtiyac var", – deyə o vurğulayıb.
Qeyd edək ki, sentyabrın 9-da BRICS ölkələrinin 13-cü sammiti Hindistanın sədrliyi ilə öz işinə başlayıb. Hindistan qurumda sədrliyi müddətində "BRICS-in 15 ili: davamlılıq, konsolidasiya və fikir birliyi naminə BRICS daxili əməkdaşlıq" mövzusunu əsas götürüb.