VİDEO

Öz qanı ilə tarix yazan astaralı şəhid Orxan Babayev

Şuşa şəhərini erməni qəsbkarlarından azad edərkən adını öz qanı ilə tarixə yazan Daxili Qoşunların Baş çavuşu, şəhid Orxan Babayev. Ətraflı videomuzda.
Sputnik
1994-cü ildə Astaranın Kijəbə qəsəbəsində dünyaya göz açan Orxan Babayev ailədə 3-cü övlad olub.
“Biz ailədə 4 qardaş olmuşuq, Orxan məndən sonra 3-cü qardaş idi. O, çox mehriban, sadə, yolagedən biri idi. 2-ci, 3-cü qardaş idik, yaş fərqimiz az olduğuna görə çox yaxın münasibətimiz var idi. Nə çətinliyi, nə sevinci var idisə, mənimlə bölüşürdü.”- Elvin Babayev şəhid qardaşı haqqında Sputnik Azərbaycana müsahibəsində bildirib.
Elvin Babayev qardaşı Orxanla 44 günlük Vətən müharibəsi zamanı tez-tez əlaqə saxladığını vurğulayıb:
“Bu hissi sözlə ifadə etmək olmur. Qardaş itirmək çox acı bir şey olsa da, onun şəhid olması, necə deyərlər,  xalqımızın 30 illik həsrətinə son qoyması, bu cür qəhrəmanlıq göstərərək şəhadətə qovuşması ilə mən ancaq fəxr edirəm. Qürur hissi duyuram ki, Orxan kimi qardaşım var mənim.”
Şəhidin dostu Şəhriyar Mərufov müsahibəsində bildirib:
“Biz orada çətin günlərdən, çətin sınaqlardan, kurslardan keçmişik. Hərbi xidmətdə isə bizim Orxanla yoldaşlığımız 2016-cı ildən başlayıb və zaman keçdikcə daha da möhkəmlənib artmışdı. Müharibə zamanı Füzuli istiqamətindən hərətəkə başladıq. Ondan sonra Cəbrayıl, Hadrut, Xocavənd... Ən qızğın, son döyüşümüz Şuşa şəhərini düşmən işğalından azad etmək uğrunda oldu. Bizə verilən tapşırıqla biz 3-4 gün ərzində Şuşa şəhəri istiqamətində hərəkət etdik. Biz orada meşələrdən, dağlardan, dağ cığırlarından və çətin yollardan ac-susuz keçdik. Hətta elə bir şey olurdu ki, biz Orxan qardaşımızla birlikdə bir peçenyeni bir neçə hissəyə bölüb yeyəndən sonra hərəkətə başlayırdıq. Şuşada birbaşa düşmənin üzərinə hücuma keçdik. Orada, 1553-cü zirvədə düşmənlə atışmada, düşmən postunun yerləşdiyi yüksəkliyi ələ keçirəndən sonra hər qrup ayrı-ayrı tapşırıqlar verildi. Bizim qrupu həmin yüksəkliyin mühafizəsi üçün saxladılar. Orxanın hərəkət etdiyi qrup isə Şuşanın mərkəzinə doğru irəliləməli idilər.”
Orxanın döyüş və xidmət yoldaşı, eyni zamanda həmkəndlisi Şəhriyar Mərufov onların əvvəldən dostluq münasibətlərinin olduğunu bildirib.