BAKI, 9 sentyabr — Sputnik. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının rəsmi saytında yerləşdirilib.
Məlumatda bildirilir ki, Ərdoğan Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın yeni səfirini qəbul edəcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki səfiri təyin olunub. Təyinata qədər o, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri olub.