Naxçıvanda hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrində təlimlər keçirilib

Komandir və döyüş heyətlərinin real döyüş şəraitində hava hücumundan müdafiə döyüşünün aparılması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə hava düşmənini təqlid edən Ordu aviasiyası praktiki uçuşlarla məşqlərə cəlb edilib.
Sputnik
BAKI, 9 sentyabr — Sputnik. Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrində kompleks məşq keçirilib.
Əlahiddə Ümumqoşun Ordudan Sputnik Azərbaycan-a bildirilib ki, şəxsi heyətin sayıqlığını və peşəkarlığını yoxlamaq üçün məşqə Ordu aviasiyası da cəlb edilib.
Kompleks məşqə Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrinin yüksək döyüşə hazırolma vəziyyətinə gətirilməsi ilə başlanılıb.
Plana əsasən zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə hava düşməninin zərbələrinin dəf edilməsi məşq etdirilib.
Komandir və döyüş heyətlərinin real döyüş şəraitində hava hücumundan müdafiə döyüşünün aparılması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə hava düşmənini təqlid edən Ordu aviasiyası praktiki uçuşlarla məşqlərə cəlb edilib.
Yer hədəflərinə müxtəlif taktiki fənd və üsulların tətbiqi ilə məşq edən pilotlar tərəfindən hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün mürəkkəb pilotoji manevrlər yerinə yetirilib.
Radiotexniki bölmələrin kəşfiyyat vasitələri ilə düşmən hədəfləri aşkarolunma həddinə çatdıqda əldə olunmuş məlumatlar komanda məntəqəsinə ötürülüb. Döyüş heyətləri tərəfindən hava hücum vasitəsinin dövlət hava sərhədinə uçub çatma vaxtı və zenit-raket divizionlarının məhvetmə zonasına girmə ardıcıllığı üzrə hesabatlar aparılıb.
Düşmənin hava hücum vasitələri növbətçi qüvvələrin 1 nömrəli hazırlığa gətirilmə həddinə çatdıqda zenit-raket bölmələrinə 1 nömrəli hazırlıq elan olunaraq alınmış döyüş tapşırığına əsasən zenit-raket bölmələrinin komanda məntəqəsi hədəflərin aşkarlanması, izlənməsi və məhv edilməsi üzrə fəaliyyətləri yerinə yetirib.
Döyüş heyətləri tərəfindən zenit-raket bölmələrinin raket ehtiyatının təyin olunmuş normaya çatdırılması üçün buraxıcı qurğulara döyüş raketləri doldurulub.
Quru qoşunlarının hava hücumundan müdafiə bölmələri aşağı və ən aşağı hündürlüklərdə fəaliyyət göstərən hava düşməninin aşkarlanması, müşahidə və məhv edilməsi üzrə döyüş tapşırıqlarının icrasına davam ediblər.
Ehtiyatda olan zenit-raket bölmələri ümumqoşun birləşmələrinin hava hücumundan müdafiəsini təmin etmək məqsədilə təyin olunmuş start mövqelərinə yerdəyişməni həyata keçiriblər.
Obyektlərin və birləşmələrin hava hücumundan müdafiəsini təmin edərkən qorunan ümumqoşun birliklərinin döyüş fəaliyyətlərindən asılı olaraq zenit-raket qoşunlarının hissə və bölmələri ilə quru qoşunlarının hava hücumundan müdafiə bölmələri arasında 3 mərhələdən ibarət qarşılıqlı əlaqə yaradılıb.
Birinci mərhələdə düşmənin hava hücum vasitələrinin obyektlərə və qoşun qruplaşmalarına zərbə vurmasının və dərinliklərə doğru uçub keçməsinin qarşısını almaq məqsədilə vahid hava hücumundan müdafiə sistemi qurulub. Bu zaman atışlar üzrə qarşılıqlı əlaqə hədəflərə görə qüvvələrin cəmləşdirilməsi və ya bölüşdürülməsi yolu ilə aparılıb.
İkinci mərhələdə zenit-raket qoşunlarının bölmələri ilə quru qoşunlarının hava hücumundan müdafiə bölmələri atəş və məlumat mübadiləsi üzrə qarşılıqlı əlaqə yaradıblar. Atışın aparılması üzrə qarşılıqlı əlaqənin əsas üsulu qüvvələrin sektorlara və hündürlüklərə görə bölüşdürülməsi ilə icra olunub.
Üçüncü mərhələdə zenit-raket və quru qoşunlarının hava hücumundan müdafiə bölmələrinin atəş zonaları bölündüyünə görə onlar arasında məlumat mübadiləsi həyata keçirilib.
Beləliklə də real döyüş şəraitində hava hücumundan müdafiə döyüşünün aparılmasını kompleks şəkildə məşq edən bölmələr yüksək peşəkarlıq və ustalıq nümayiş etdiriblər.
Həmçinin oxuyun:
* Azərbaycan və Türkiyə xüsusi təyinatlıları Laçında şərti düşmənə yaxınlaşıblar
Laçın rayonunda Azərbaycan-Türkiyə birgə təlimi başlayıb
* Müdafiə Nazirliyinin rəhbərliyi “Üç qardaş - 2021” təliminə hazırlıq işləri ilə tanış olub
* Rəsmi Bakı Ermənistanın Laçındakı təlimlərlə bağlı iddiasına cavab verib