BAKI, 9 sentyabr — Sputnik. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında dərman preparatlarının qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Sputnik Azərbaycan-ın Dövlət Gömrük Komitəsinə istinadən xəbərinə görə, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı avtomobilin altındakı hava balonunun içərisində, gömrük nəzarətindən gizlədilən 3000 kapsul, 1250 həb müxtəlif adda dərman preparatları və 100 ədəd krem aşkar edilib.
Qeyd edək ki, bir müddət öncə Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Volvo" markalı nəqliyyat vasitəsinin kabinasında gömrük orqanlarına bəyan edilməyən 3240 kapsul dərman vasitəsi aşkarlanıb.