BAKI, 8 sentyabr — Sputnik. "Panikaya düşmək lazım deyil, xəstəxanalara da qaçmayın. Orada da infeksiyalar var. Sizə yazılan dərmanları kənara atın". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Instagram" hesabında canlı yayıma qoşularkən bildirib: "Evdə hər kəs koronavirusa yoluxdu, indi sağalmışıq. Xəstələnməmişdən əvvəl evdəkilərin rəyi ilə bir həkimlə əlaqə saxladıq. O zaman mən virusa yoluxmamışdım, ancaq evdəkilər virusdan əziyyət çəkirdi. Vaksin olmuşduq, yüngül keçirdik".
Xalq artisti bildirib ki, o və ailəsi bir müddət öncə koronavirusa yoluxub. Müğənni həmin dövrdə başına gələn hadisə barədə danışıb: "Həkim gəlib 3 vərəq dərman yazdı. Evdəkilərə dedi ki, sizi xəstəxanaya aparmaq lazımdır, süni nəfəs aparatına qoşmaq lazımdır. Soruşdum ki, nəfəs almağında problem yoxdur, niyə aparata qoşulsun? Cavab verdi ki, 1-2 günə ola bilər. Söylədim ki, eybi yoxdur, qoy evdə boğulsun!"
Müğənni xəstəxananın əleyhinə olduğunu vurğulayıb: "Həkim hələ damarın içinə antibiotik yazıb. Mənə cavabı nə olsa yaxşıdı? Söylədi ki, nə fərqi var, damarın içi, üstü? Birinci dəfə belə bir şey eşidirəm. 500 manat verdim ki, dərmanlar alınsın. Həkim qohumlara zəng etdim, məsələdən xəbərdar etdim. Onlar dedi ki, reseptləri göndər. Qohumum şoka düşdü, bildirdi ki, korona yox, bu dərmanlar sizi öldürə bilər. Bu dərmanlar böyrəyə, ciyərə pis təsir edir. Bu yükün altından sonra qalxmaq lazımdır. Mənə dərmanlar dedi, çox az pulla dərmanlar aldım. Üç-dörd gündən sonra özüm də yoluxdum. Panikaya düşmək lazım deyil, xəstəxanalara da qaçmayın. Orada da infeksiyalar var. Sizə yazılan dərmanları kənara atın".
Məlumat üçün bildirək ki, Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlanıb. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəlib. 1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxır.
Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərdə uğurla təmsil etməyə başladı. Sovet İttifaqı dağıldıqdan sonra Rusiyada solo konserti ilə çıxış edən ilk Azərbaycan müğənnisi məhz Brilliant Dadaşova olub.