CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Niderland səfirliyinin əməkdaşları qadın resurs mərkəzinə baş çəkiblər

6200-dən çox qadına insan hüquqları və iqtisadi hüquqlar, həmçinin biznesin inkişafı, mühasibat uçotu, maliyyə savadlılığı və kompüter elmləri üzrə ödənişsiz təlimlər keçirilib.
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Niderland SəfirliyiBMTİP nümayəndələri Biləsuvarda yerləşən Qadın Resurs Mərkəzinə baş çəkiblər. Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, AQUPDK-nin sədr müavini Sədaqət Qəhramanova, Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizema, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Rezident nümayəndəsi Alessandro Frakassetti və icra hakimiyyətinin başçısı Faiq Qürbətov Biləsuvarda yerləşən Qadın Resurs Mərkəzinə, eləcə də son bir il ərzində kənd qadınlarının qurduğu kiçik bizneslərə baş çəkiblər.
2020-ci ilin noyabr ayından bu günə kimi Niderland Krallığının maliyyələşdirdiyi, BMTİP və Dövlət Komitəsinin birgə icra etdiyi "Qadınların rəhbərlik etdiyi icma əsaslı təşəbbüslərə dəstək" layihəsi çərçivəsində Biləsuvarda yaşayan 96 qadın CV yazma və təqdimat bacarıqları, QHT-lərin idarəedilməsi, kompüter bacarıqları, marketinq, brendləşmə və satış bacarıqları üzrə təlimlərdə iştirak ediblər.
Təlimləri başa vuran 11 qadın tərtib etdiyi biznes planına əsasən lazımi avadanlıqlarla təmin edilib.
Bundan əlavə, qadınların məşğulluğunun təmin edilməsi istiqamətində yeni tədbirlər görülməsi məqsədilə Biləsuvar bələdiyyəsinə əmək bazarı qiymətləndirilməsinin təşkilində dəstək göstərilib.
Eyni zamanda, layihə çərçivəsində iki Biləsuvar bələdiyyəsinə su, sanitariya və gigiyena vəziyyətinin yaxşılaşdırılması üçün su, sanitariya və gigiyena (SSG) komitələri və klublarının yaradılmasında dəstək göstərilib. COVID-19 pandemiyası dövründə ekspertlər tərəfindən valideyn, şagird və icma üzvləri üçün 16 maarifləndirmə sessiyası keçirilib.
2011-ci ildə Dövlət Komitəsi və BMTİP əməkdaşlığı, eləcə də bir çox beynəlxalq donorun maliyyə dəstəyi ilə yaradılan, Azərbaycanın 9 rayonunda yerləşən Qadın Resurs Mərkəzləri qadınların iqtisadi cəhətdən inkişafı üçün perspektivlər yaradan məkan rolunu oynayır. Bu Mərkəzlərdə qadınlar iqtisadi səlahiyyətləndirmə vasitəsilə dolanışıqlarını necə yaxşılaşdıra biləcəkləri barədə fikir mübadiləsi aparırlar.
Qeyd edək ki, Mərkəzlərdə bugünədək 6200-dən çox qadına insan hüquqları və iqtisadi hüquqlar, həmçinin biznesin inkişafı, mühasibat uçotu, maliyyə savadlılığı və kompüter elmləri üzrə ödənişsiz təlimlər keçirilib.