BAKI, 7 sentyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev gənclər və idman naziri təyin Fərid Qayıbovu videoformatda qəbul edərkən ölkəmizi təmsil edən idmançıların Tokio Yay Olimpiya Oyunlarında çıxışına münasibət bildirib. Sputnik Azərbaycan xəbər verir ki, Prezident vəziyyətlə bağlı təhlilin aparılmalı olduğunu bildirib.
"Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni, biz nəticə çıxarmalıyıq. Biz, əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır", - deyə İlham Əliyev bildirib.
Xatırladaq ki, Prezidenti İlham Əliyev bu gün Fərid Fazil oğlu Qayıbovu Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edib.
Gənclər və idman naziri postu dörd aydan artıqdır boş idi. Bundan əvvəlki gənclər və idman naziri Azad Rəhimov 2021-ci il aprelin 30-da vəfat edib.
Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti və Azərbaycan Gimnastika Federasiyasının Baş Katibidir.
Həmçinin oxuyun:
* Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər - Azərbaycan lideri