BAKI, 7 sentyabr — Sputnik. Taliblər Kabildə anti-Pakistan etiraz aksiyasını işıqlandıran "Tolo News" operatorunu saxlayıb kamerasını əlindən alıblar. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.
"Taliblər bəzi jurnalistlərin bugünkü etiraz aksiyasını çəkməsinə mane oldular. Onlar həmçinin "Tolo News" operatorunu tutaraq kamerasını ələ keçiriblər", - deyə kanalın "Twitter" səhifəsində qeyd olunub.
Kabildəki etiraz aksiyasının iştirakçısı "RİA Novosti"-yə bildirib ki, taliblər İran səfirliyinin qarşısında birbaşa prezident sarayının yanında etirazçıları atəşə tutublar.
Çərşənbə axşamı taliblərin dəvəti ilə Pakistanın idarələrarası kəşfiyyat rəisi Faiz Həmidin paytaxt səfərindən sonra Kabildəkı əfqanlar etiraz aksiyasına çıxıblar.
Nümayiş Kabildən şimalda başlayıb və Pakistan səfirliyinin yanında davam edib.
Bu yaxınlarda Taliban* hərəkatının spikeri Zabiullah Mücahid ölkənin "böhrandan yeni çıxdığına" görə Əfqanıstan əhalisini etiraz və nümayişlərdən çəkinməyə çağırıb.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumları aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün onlar müharibənin bitdiyini və dövlətin idarəetmə formasının yaxın gələcəkdə aydınlaşacağını bildiriblər.
Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər.
* - Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması