CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TƏBİB rəsmisi peyvənd yaşının 16-dan da aşağı endiriləcəyini açıqladı

TƏBİB səlahiyyətlisi onu da bildirir ki, uşaqların 16 yaşdan peyvənd olunması ilə bağlı verilmiş qərar dünyada aparılmış klinik tədqiqatlara əsaslandığından, uşaqların bu yaşda peyvəndlənməsindən narahat olmağa əsas yoxdur.
Sputnik
BAKI, 7 sentyabr — Sputnik. Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə peyvənd vurdurmaq üçün valideynlərin razılığı tələb olunacaq. Bu barədə bu gün Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi qərar qəbul edib. Qərara əsasən, 16-18 yaşlı yeniyetmələrin peyvənd olunması üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək. Həmçinin Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə hansı istisna hallarda COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndinin vurulacağı məlum olub. Səhiyyə Nazirliyindən verilən məlumata görə, istisna hallar dedikdə xaricdə təhsil alan və xroniki xəstəliklərdən əziyyət çəkən yeniyetmələr nəzərdə tutulur. Qeyd edək ki, 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.
Sputnik Azərbaycan 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası ilə bağlı qərarın hansı zərurətdən yarandığını araşdırıb.
TƏBİB-n baş mütəxəssisi Nəzrin Mustafayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bütün dünyada və ölkəmizdə hal-hazırda COVID-ə yoluxma halları sürətlə artmaqdadır. N.Mustafayevanın sözlərinə görə, bu say artdıqca əhalinin bütün yaş qruplarında istər yaşlı, istər gənc insanlar arasında virusa yoluxma sürətlə yayılır: "Bu zaman da istənilən yaş qrupunda virusu ağır keçirtmə və ölümlə nəticələnmə halları mümkündür. Bütün dünyada da bu kimi hallar müşahidə olunur. Ona görə də bir çox ölkələrdə aşağı yaş qruplarında da artıq koronavirus əleyhinə peyvəndləmə prosesinə start verilmişdir. Bizim ölkədə də həmin klinik tədqiqatların nəticələrinə əsaslanaraq 16 yaşdan yuxarı uşaqların könüllük prinsipi ilə peyvəndlənməsinə icazə verildi", - deyə N.Mustafayeva bildirib.
Həmsöhbətimiz deyir ki, ölkəmizdə Nazirlər Kabinetinin vaksinasiya strategiyasına əsasən vaksinasiyaya göstəriş 18 yaşdan yuxarı əhaliyə aiddir. Müvafiq sahələrdə vaksin pasportu, immunitet sertifikatı tələbi də məhz 18 yaşdan yuxarı əhaliyə şamil olunur: "Azərbaycanda peyvəndə görə bir sıra məhdudiyyətlər də məhz 18 yaşdan yuxarı əhalini əhatə edir. Bunları nəzərə alaraq 16-18 yaş arası uşaqlar sırf könüllü istəyə bağlı olaraq peyvənd prosesinə cəlb olunacaqlar. Lakin onlardan heç bir sertifikat tələb olunmayacaq. Həmçinin 16-18 yaş arası uşaqlara hansısa məkanlara giriş məhdudiyyəti məhz peyvəndlə bağlı tətbiq olunmayacaq. Övladlarının sağlamlığından narahat olan valideynlərə imkan yaradılıb ki, onlar öz övladlarını peyvənd etdirsinlər. Hansı ki, bizə bu şəkildə valideynlərdən müraciətlər daxil olurdu", - deyə TƏBİB rəsmisi bildirib.
N.Mustafayeva qeyd edib ki, pandemiya dövründə əldə edilən təcrübə göstərib ki, COVID-ə yoluxma hər yaşda ağır gedişatla müşahidə oluna bilər: "Əvvəllər biz peyvəndi daha çox yanaşı xəstəlikləri olan, yaşlı, artıq çəkisi olan insanlara tövsiyə edirdiksə, biz pandemiyanın bir il yarımlıq hissəsini geridə qoyduğumuzdan kifayət qədər bəzi məsələlərdə təcrübə qazanmışıq. Bu təcrübəyə əsaslanaraq, eləcə də dünyada aparılan elmi-təqdiqatlara əsasən deyə bilərik ki, hər yaş qrupunda xəstəliyi ağır keçirtmə və ölüm halları gözləniləndir. Bəzən gənc yaşında və heç bir yanaşı xəstəliyi olmayan insanlar arasında da ölüm baş verə bilər. Bu səbəbdən də biz hər yaşda insanlara vaksini tövsiyə edirik. "Mənim övladım sağlamdır, ona vaksin vurulmasına ehtiyac yoxdur" deyə düşünsək də tam sağlam uşaqlar da xəstəliyi ağır keçirə bilərlər".
N.Mustafayeva deyir ki, 16 yaşdan peyvəndlənmə həm də uşaqlar arasında xəstəliyə yoluxma sayını azaldacaq: "Ümumiyyətlə, vaksinasiya prosesi nə qədər sürətli olarsa və geniş kütləni əhatə edərsə, bir o qədər də yoluxma zəncirində qırılma baş verə bilər. Bəli, Azərbaycanda koronavirus əleyhinə vaksinasiya yaş həddini 16-ya endirilməsi də uşaqlar arasında yoluxma zəncirinin qırılmasına müsbət təsir göstərə bilər".
TƏBİB səlahiyyətlisi onu da bildirir ki, uşaqların 16 yaşdan peyvənd olunması ilə bağlı verilmiş qərar dünyada aparılmış klinik tədqiqatlara əsaslandığından uşaqların bu yaşda peyvəndlənməsindən narahat olmağa əsas yoxdur. N.Mustafayeva həmçinin peyvənd yaşının ölkəmizdə gələcəkdə daha da aşağı salınması ehtimalına da toxunub:
"Ölkə səhiyyəsi olaraq klinik təqdiqatlara əsaslanan qərarlar verməyin tərəfdarıyıq. Bütün ölkələrdə aktiv şəkildə klinik tədqiqatlar aparılır. Onların nəticələri açıqlandıqca tərəfimizdən qiymətləndirib, müvafiq mütəxəssislər tərəfindən uyğun qərarlar verilir. Gələcəkdə yeni klinik tədqiqatların nəticəsi açıqlandıqca, əgər aşağı yaş qruplarında da peyvənd öz təhlükəsizliyini və effektivliyini sübuta yetirərsə, bizim ölkədə də peyvənd yaşının 16 yaşdan aşağı endirilməsi barədə müvafiq qərarlar verilə bilər. Bu gün demək olar ki, peyvənd yaşının Azərbaycanda 18-dən 16-ya endirilməsi ilə bağlı qərar məhz dünyada aparılan klinik tədqiqatların nəticələrinə əsaslanıb verilən qərardır".
Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə peyvənd yaşının 18-dən 16-ya endirilməsində ciddi təəccübə səbəb olacaq və ajiotaj yaradacaq məqam yoxdur. Onun sözlərinə görə, 18 yaşla 16 yaş arasında ciddi fərq yoxdur:
"Türkiyədə peyvənd yaşı 12-ya qədər endirilib. Vaksin yaşının 18-dən 16-ya salınması narahatlıq yaratmamalıdır. Ola bilər ki, gələcəkdə bu yaş bir qədər də aşağı endirilsin. Amma bu, o uşaqlara şamil oluna bilər ki, onlarda yanaşı xroniki xəstəliklər var". 
İnfeksionist deyir ki, anadangəlmə şəkərli diabet xəstəliyi olan uşaqların 12-16-18 yaşda COVID-ə yoluxması xəstəliyin ağırlaşmasına səbəb ola bilər:
"Ona görə də belə uşaqların peyvənd olunması tövsiyə olunur. Vaksin olunan bu uşaqlar xəstəliyi daha yüngül keçirdə bilərlər. Ona görə də Operativ Qərargahın qərarını alqışlamaq lazımdır ki, uşaqların sağlamlığını düşünürlər".
İnfeksionist bu qərarın valideynlər tərəfindən birmənalı qarşılanmayacağına da münasibət bildirib: "Uşaqlar doğulan kimi onlar iki-üç günlüklərində peyvənd olunur. Milli Peyvənd Təqviminə əsasən körpələr 1 yaşına qədər 4-5 peyvənd alır. Ona görə də uşaqlara peyvənd vurulmasından valideynlər narahat olmasınlar".
V.Cavadzadə deyir ki, artıq "Pfizer" vaksini uşaqlar üzərində bir sıra ölkələrdə tətbiq olunaraq sınaqdan keçirilib. Amma o, bütün dünyada istehsal olunan digər peyvəndlərin ÜST-ün sistemindən qeydiyyatdan keçdiyini söyləyir. İnfeksionist bildirir ki, bu gün "CoronaVac" vaksini inaktivə olunmuş peyvənd olunduğundan onun uşaqlara vurulması təhlükəli deyil.
Həmçinin oxuyun: 
* Azərbaycanda 16-18 yaşlılara peyvənd vurdurmaq üçün valideynlərin razılığı tələb olunacaq