BAKI, 7 sentyabr — Sputnik. "Azərbaycanfilm" Kinostudiyasının istehsal etdiyi "Quyu" qısametrajlı filminin çəkilişləri sona çatıb.
Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycanfilm" Kinostudiyasından məlumat verilib. Məlumatda bildirilir ki, filmin ssenari müəllifi və rejissoru Rufat Raydır. Filmin çəkilişləri əsasən Bakı şəhərinin Lökbatan qəsəbəsində Buta adlanan ərazidə və İsmayıllı rayonunda baş tutub. Film dram janrındadır, məzmununu insan və yaradılış fəlsəfəsinə dini yanaşma üslubu təşkil edir.
Film həyatın tamamilə məhv olduğu quraq torpaqlarda varlığın mənbəyi və əsası olan su axtaran insanın hekayəsindən bəhs edir. Amma suyu tapdıqdan sonra nəfsinə güc gələ bilməyən qəhrəmanın səyahəti tamamən fərqli və gözlənilməyən istiqamətdə dəyişir.
Filmin təsvir rejissoru Nadir Mehdiyev, rəssamı isə Rafiq Nəsirovdur. Rollarda Pərviz Məmmədrzayev və Şamil Süleymanlı yer alıb.
Qeyd edək ki, film hal-hazırda "post-production" mərhələsindədir və növbəti il izləyiciyə təqdim ediləcək.