BAKI, 7 sentyabr — Sputnik. Avstriyada pəyvənd olunmuş şəxslər üçün koronavirusun tamamilə başa çatdığını elan ediblər. Sputnik Azərbaycan "Euronews"-a istinadla xəbər verir ki, bunu Avstriya kansleri Sebastyan Kurts deyib.
Bununla belə, kanslerin sözlərinə görə, pandemiyanın sona çatması koronavirusun yoxa çıxması demək deyil. O bildirib ki, qiymətləndirmələrə əsasən, virus hələ bir il də aktiv olacaq.
Kurts Avstriya vətəndaşlarını əmin edib ki, bundan sonra vaksin olunmuş şəxslərə qarşı heç bir məhdudiyyət tətbiq olunmayacaq. Eyni zamanda, kansler etiraf edib ki, vaksin olunmayanlar məhdudiyyətlərə hazır olmalıdırlar.
Qeyd edək ki, Avstriya kansleri məcburi vaksinasiyanın əleyhinədir. O, koronavirusa yoluxma hallarının artması ilə əlaqədar əhaliyə müraciət edib.
Avqustun ortalarında bu ölkədə COVID-19-a yoluxanların sayı xeyli artıb. Bununla belə, ölkədə xəstəliyin pik dövrü 2020-ci ilin noyabrında və bu ilin aprelində yaşanıb. Hələlik Avstriyada həmin göstəricilər təkrarlanmayıb.