CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artistindən qazilərimizə jest: Prezidentin fərdi təqaüdünün ilk ayını onlara verib

"Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlər zamanı ağır yaralanan Rəvan Əzizova verib.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən müğənninin köməkçisi Yaqut İmanova bildirir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib.
Həmin qazilər erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlər zamanı ağır yaralanan Rəvan Əzizovdur:
"Flora xanım onları tanımadığı üçün bu işi Kamil Zeynallıya həvalə etdi. Zeynallıya müraciət etdik və pulu ona verdik ki, ən imkansız ailələri seçsin. Çünki o qaziləri daha yaxından tanıyır və həyat şəraitinə bələddir. Pulun 1000 manatı döyüşlər zamanı ağır yaralanan Rəvan Əzizova, 500 manatı isə Amin Musayevə verildi".
Qeyd edək ki, A.Musayev Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsi zamanı yaralı vəziyyətdə erməni silahlı bölmələri tərəfindən əsir götürülmüşdü. O ötən ilin dekabr ayında əsirlikdən qaytarlıb.
Qazi Rəvan Əzizov sentyabrın 27-də Azərbaycanın bütövlüyü uğrunda başlanan müharibədə Kəlbəcər-Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 6-da Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən qazimiz mərmi partlayışı nəticəsində yaralanıb. Qazimiz fevral ayında Mehriban Əliyevanın tapşırığı ilə müayinə, müalicə və reabilitasiya üçün Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə göndərilmişdi.
Həmçinin oxuyun:
Vətən müharibəsində əzasını itirən qazi tələbə oldu