Füzuliyə ilk uçuş həyata keçirən təyyarə kapitanından açıqlama

Hava gəmisinin kapitanı Rasim Əşrəfov deyib ki, Füzuli hava limanındakı uçuş zolağı belə böyük təyyarələri qəbul etmək baxımından çox rahatdır.
Sputnik
BAKI, 5 sentyabr — Sputnik. Bir azərbaycanlı pilot kimi qürur və həyəcan hisi keçirirəm. Biz nəhayət, Qarabağ səmasında sərbəst uçuşlar yerinə yetirməyə başlamışıq və yerinə yetirəcəyik.
Sputnik Azərbaycan-ın APA-a istinadən məlumatına görə, bunu bu gün Füzuli Beynəlxalq Hava Limanına eniş icra edən Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisinin kapitanı Rasim Əşrəfov bildirib.
Pilot deyib ki, Füzuli Beynəlxalq Hava Limanına uçuş sxemi çox əlverişli və rahatdır:
"Uçuş zolağı belə böyük təyyarələri qəbul etmək baxımından pilot üçün çox rahatdır. Aeroportun avadanlığı beynəlxalq standartlara uyğundur. Güman edirəm ki, bu yaxınlarda Qarabağda daha bir aerodroma uçuşlara başlayacağıq. Mən çox fəxr edirəm ki, azərbaycanlıyam!"
Füzuli beynəlxalq hava limanına ilk təyyarə enib
Bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş edib.
Simvolik məqam ondan ibarətdir ki, həmin təyyarə "QARABAĞ" adını daşıyır (AZAL-ın donanmasında olan təyyarələr Azərbaycanın rayon və şəhərlərinin şərəfinə adlandırılıb).
Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.
Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib.
Həmçinin oxuyun:
* Tarixi uçuş: "Qarabağ" təyyarəsi Füzuli beynəlxalq hava limanında ilk eniş edib
* Fizulili deputat Fizuliyə eniş edən təyyarə barədə