COVID-19-la mübarizə aparmaq asan olsun deyə nə yeməli - həkim məsləhəti

Mərkəzi Gömrük Hospitalının həkim-diyetoloqu Məlahət Kərimovanın sözlərinə görə, C vitamini ilə zəngin olan və antioksidant özəlliyi olan meyvələrə daha çox üstünlük verilməlidir.
Sputnik
BAKI, 5 sentyabr — Sputnik. Bəzi COVID-19 xəstələri dərmanların təsirsiz olmasından, bəzi ekspertlər xəstələrə yazılan müəyyən dərmanların zərərlərindən danışırlar. Belə olan halda cəmiyyətdə bir sual otaya çıxır: Dərman olmadan bu virusla necə mübarizə aparmaq olar?
Mərkəzi Gömrük Hospitalının həkim-diyetoloqu Məlahət Kərimova Sputnik Azərbaycan-a vaistəsilə təbii yollarla immun sistemini möhkəmləndirməyə üstünlük verən belə şəxslərə tövsiyələrini açıqlayıb. O bildirib ki, bu virusla mübarizədə diqqət edilməsi vacib olan nüanslardan biri də düzgün və normal qidalanmaqdır:
"Bunun üçün gündəlik qida rasionumuzu meyvə və tərəvəzlə zəngin etməliyik. Vitamin C ilə zəngin olan və antioksidant özəlliyi olan meyvələrə daha çox üstünlük verilməlidir".
O virusla mübarizə aparmaq üçün portağal, limon, naringi, kivi, qreyfrut, eyni zamanda da nar və böyürtkənə daha çox üstünlük verməyi tövsiyə edir:
"Vitamin C ilə zəngin olan tərəvəzlər - yaşıl bibər də gündəlik qida rasionumuza əlavə edilməlidir. İstər hazırlanan salatların, istərsə də bişirilən xörəklərin tərkibinə bu tərəvəzlər daxil edilməlidir. Bundan başqa, keşniş, şüyüt də mütləq şəkildə gündəlik olaraq qida rasionumuza əlavə edilməlidir. Sadaladığım bu səbzələr də vitamin C və andioksidantla zəngindirlər".
Diyetoloq deyir ki, bazardan alınan meyvə-tərəvəzlər təmiz su ilə yuyulmalıdır. Gündəlik olaraq bədən su ilə zənginləşməsinə də diqqət edilməlidir. Gündəlik olaraq su da bol-bol qəbul edilməlidir:
"Suyun tərkibinə limon, zəncəfil əlavə etmək olar. Bundan başqa, ənginarı da tövsiyə edərdim. Ənginar qaraciyərimizin yaxın dostudur. O immun sistemini gücləndirir, eyni zamanda da qanı təmizləyir".