BAKI, 5 sentyabr — Sputnik. Türkiyənin ekoturizm üzrə eksperti Ali Kaya Azərbaycanda turizmin vəziyyəti ilə bağlı müsahibəsində bir sıra problemlərdən danışıb.
O, Azərbaycanın ekoturizm potensialının çox yüksək olduğunu, lakin bunun dəyərləndirilmədiyini bildirib.
Türkiyəli ekspert deyib ki, Azərbaycanın Türkiyədə çox böyük bir reklam çatışmazlığı var. Ölkədə turların, eləcə də, hotel, qarşılama xidməti və restoranın qiymətlərinin də yüksək olduğunu bildirib:
"Məsələn, biz Antalyada həftə sonları ekoturlara çıxırıq. Bu zaman bir nəfərdən aldığımız pul 20-30 manat təşkil edir. Azərbaycanda isə bir günlük turun qiyməti 70-80 manat olur. Azərbaycanda manatın dəyərinin yüksək olması da Türkiyədən turistlərin Azərbaycana gəlməsi üçün problemdir. Azərbaycanda hotellərdə sadə otaqların bir gecəlik qiyməti 100-130 manat arasında dəyişir. Biz bu qiymətə Antalyada bütün xidmətlər daxil olmaqla ən bahalı hotellərdə qala bilirik".
Ekspert həmçinin Azərbaycanın karavan turizmi üçün çox gözəl bir ölkə olduğunu vurğulayaraq aidiyyəti qurumların bununla bağlı layihələrə start verməsinin vacibliyinə toxunub.
Dövlət Turizm Agentliyi (DTA) sədrinin müşaviri, keçmiş mətbuat katibi Kənan Quluzadə isə deyib ki, Azərbaycan turizminin marketinqi həm onlayn olaraq, həm də müxtəlif yollarla - beynəlxalq sərgilərdə, vebinarlarda intensiv şəkildə aparılır. Sadəcə, pandemiya dövründə vəziyyət bir qədər fərqlənib:
"Bilirsiniz ki, pandemiyaya görə quru sərhədlərimiz bağlıdır. 29 ölkənin vətəndaşına icazə verilir ki, hava yolu ilə Azərbaycana gəlsinlər. Bu səbəbdən turizm startegiyasında bir qədər fərqlənmə var. Pandemiya bitəndən sonra, Azərbaycana səfər üçün xarici ölkələrin coğrafiyası genişləndirildikcə, bu məsələlər yenidən intensivləşəcək".
K.Quluzadə deyir ki, Azərbaycanın prioritet turizm bazarları var ki, bu da əsasən Avropa, Yaxın Şərq, Asiya və MDB ölkələridir. Bu istiqamətlərdə hər zaman intensiv işlər aparılır:
"Türkiyə məsələsinə gəldikdə isə qeyd edim ki, Türkiyə də Azərbaycan üçün prioritet bazardır. Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayına görə Türkiyədən gələnlər hər zaman, xüsusən də son 10 ildə əsas 3 yerdən birində qərarlaşıblar. Bu ilin də yanvar-iyun aylarında ölkəmizə Türkiyədən təxminən 90 mindən artıq türkiyəli vətəndaş gəlib. İyunun 10-dan Türkiyə vətəndaşların Azərbaycana hava yolu ilə səfər etməyə icazəsi verildikdən sonra isə rəqəmlərdə artım qeydə alınıb".
O, Azərbaycanın 44 günlük Vətən Müharibəsində zəfərinin də Türkiyədə böyük coşqu və sevgi ilə qarşılandığını, bu hadisədən sonra da ölkəmizə gəlmək istəyən türkiyəlilərin sayının artdığını diqqətə çatdırıb.
K.Quluzadə həmçnini ölkə turizminin Türkiyədə tanıtımı məsələsinə də diqqət çəkib:
"Azərbaycan turizm potensialı hələ də tam olaraq Türkiyədə özünü açmayıb. Türkiyədən gələnlərin əksəriyyəti də daha çox işgüzar səfərlər edirlər, nəinki, turistik səfər. Pandemiyadan öncə də planlarımız var idi ki Türkiyə bazarında tanıtım proqramlarını daha da genişləndirək. Lakin pandemiyaya görə bu məsələ təxirə salındı. Planlarımız var ki, Türkiyədə rəsmi olaraq Azərbaycan turizm nümayəndəliyini açaq. Çünki digər ölkələrdə fəaliyyət göstərən nümayəndəliklərin sayəsində hər il həmin ölkələrdən Azərbaycana gələn turistlərin sayında artım olurdu. Bu da görülən təbliğat işlərinin nəticəsi olub".
O bildirib ki, pandemiya aradan qalxdıqca Türkiyə bazarı yerli bazarımıza geniş şəkildə açılacaq.
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri və Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, türkiyəli ekspertin fikirlərində həqiqət var:
"2018-ci ildən Azərbaycan turizmini xaricdə təmsil və təşviq etmək işi Azərbaycan turizm bürosuna həvalə edilib. O zamandan bu günədək 9 prioritet hesab edilən ölkədə nümayəndəliklər açıldı. Bu 9 ölkə sırasında Türkiyəni yaddan çıxartdıq. Orada bizim xüsusi bir turizm təmsilçimiz olmadı. Ümumiyyətlə, nümayəndəliyin açılma siyasətində bir səhv var. Belə bir qayda var ki, nümayəndəlik işini həmin o ölkələrin turizm sahəsində çalışan bir şirkət aparır. Bu şirkətlər marketinq və s. ilə məşğul olan şirkətlərdir. Bir neçə ölkədə təmsilçinin işini aparmaq bildiyim qədərdə bir şirkətə həvalə olunmuşdu. Məncə bu arzuolunmazdır. Azərbaycan turizmini azərbaycanlılar təmsil etməlidirlər, deyə düşünürəm".
O bildirir ki, 10 il öncə Azərbaycanın xaricdə diplomatik nümayəndəlikləri, səfəirliklərndə turizm üzrə attaşeylərlə bağlı təklif versələr də, bunun nəticəsi olmayıb: "O zaman Xarici İşlər Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi qərara gələ bilmədi ki, həmin bu attaşe adı daşıyan diplomatı kim təyin edəcək. Düşünürəm ki, bu gün də bu siyasətə diqqət etmək lazımdır. Yaradılacaq belə qruplar bizim vətəndaşlardan ibarət olmalıdır".
O Türkiyə ilə bağlı problemə də toxunub. Bildirib ki, qardaş Türkiyə ilə əlaqələrimiz daha da sıxlaşdırılsa da, tək şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gediş mümkün olsa da, bu ölkə vətəndaşlarının Azərbaycanda muzey və s yerlərə girişi üçün fərqli qiymət siyasəti yürüdülür:
"Bu, həqiqətən də absurd məsələdir. Ümumiyyətlə, deyərdim ki, əcnəbilər üçün fərqli qiymətin tətbiqi düzgün deyil. Məncə bu siyasəti tamamilə ləğv etmək lazımdır".
S.Dübəndi deyir ki, muzey və s bu kimi yerlərə giriş qiymətlərinin sıfırlanması üçün dəfələrlə müraciət ediblər: "Hər dəfə də bildirmişik ki, bu müəssisələr büdcə təşkilatlarıdır, dövlətdən vəsait alır. Hazırda Azərbaycan turizmi gör hansı vəziyyətdədir ki, bu yerlərə giriş üçün də ayrıca qiymətlər tətbiq edilsin".
O türkiyəli ekspertin digər fikrinə də münasibət bildirib:
"Türkiyəli ekspert bildirir ki, uzun illər Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə işlərini yola verə bilirlər. Lakin yeni şirkətlər bu xidmətləri düzgün göstərmirlər. Ekoturizm fəaliyyətləri bu sahədə daha təhlükəli sayılan fəaliyyətdir. Çünki açıq səma altında çöllərdə, dağlarda, qayalıqlarda, dağ yerlərində təşkil olunan turizm fəaliyyətləridir. Bu səbəbdən də təhlükəsizlik baxımdan bir sıra qaydalara da riayət edilməlidir. Bu cür fəaliyyətlərlə həvəskarlar məşğul olanda nəticəsi yaxşı olmur".
O bildirir ki, bu işlə peşəkarlar məşğul olmalı və buna starteji bir baxış olmalıdır. O dağ-turizmi marşrutları üzrə bir bələdçi hazırlaya bilmədiyimiz üçün xarici alpinistləri qəbul edə bilmədiyini vurğulayıb: "Çünki onlar bizim beynəlxaql sertifikat alan bələdçilərimizi görə bilmirlər. Vəsait ayrılarsa, biz bu işi görməyə hazırıq. Çünki sıralarımızda peşəkar alpinistlər var və xaricdə təlimçilərə çevriliblər. Ekoturizmi inkişaf etdirmək istəyiriksə, bu işi peşəkarlara həvalə etməlik, onlar bu turları, cığır və marşrutlarını hazırlamalıdırlar".
S.Dübəndi ölkəmizin ekoturizm potensialını dəyərləndirərək bildirib ki, Azərbaycanın çox gözəl və unikal ekoturizm imkanları var: "Düşünürəm ki Azərbaycan turizminin təbliğatı, təşviqatı, reklamı yalnız bir qurumun işi deyil. Bu iş nə təkcə Azərbaycan Turizm Bürosu, nə də ki, təkcə Dövlət Turizm Agentliyinin işidir. Bu iş həm də xaricdə çalışan, yaşayan Azərbaycan vətəndaşları ilə işləyən müxtəlif qurumların işidir.
Təəssüflər olsun ki, mənzərə o qədər də ürəkaçan deyil. XİN demək olar ki, bu işlə məşğul olmur və ümumiyyətlə, bu işlər onalara çox qəribə gəlir. Diaspora Komitəsi nə vəziyyətdədir, bunu bilirsiniz. Onlar birlik yarada, strukturlaşa bilmirlər. Ölkəni təmsil etmək həm də diplomatların işidir. Dövləti təmsil etmək və soydaşlarımızla iş aparmaq vəzifəsi diaspor fəaliyyəti ilə məşğul olan idarələrin işidir". Ekspert bildirir ki, əl-ələ verib bu işləri görmək lazım olsa da, heç cür bir nöqtədən bu işlər koordinasiya oluna bilmir.
O ekoturizm infrastrukturumuzun çox zəif olduğunu vurğulayıb: "Digər tərəfdən kənd yerlərində yaşayış tərzi demək olar ki pozulub. Bilirsiniz ki, böyük bir demoqrafik partlayış yaşamışıq, kənd əhalisi şəhərə üz tutub. Nalçını haradan tapa bilirik? Haradan tapa biliriksə, turistlərə onu bəh-bəhlə təqdim edirik. Yaxud da xalçaçılıq sənəti olsun. Sənətkarlıq və digər fəaliyyətlər də üzə çıxmalıdır. Bəzi fəaliyyətl sahələri üzə çıxarılmalıdır. Kənd təsərrüfatı məhsullarının hazırlanması, emalının da bilirsiniz ki, çox böyük tarixi ənənəsi olub. Lakin indi bu da pozulub. Bu ənənələrin pozulmasının səbəbləri çoxdur".
S.Dübəndi turizmin infrastruktur probleminə də toxunub:
"İnfrasturkturumuz yoxdur. Hətta xüsusi mühafizə olunan qoruqlar, milli parklarda belə təkmil infrasturktur yoxdur, işçi qüvvəsi çatışmır. Xüsusən də dağ-turizm marşrutları üzrə olan bələdçilər, milli parkların ərazisində bələdçi çatışmazlığı var. Bir nüansa nəzər yetirin, hansısa milli parkın ərazisinə daxil olub oradan Azərbaycanın sərhədi tərəfdə yerləşən hansısa zirvəyə, hündürlüyə istiqamət tutan haykinq qrupları bir ay öncədən müraciət etməlidirlər ki, icazə alsın. Bu nə dərəcədə düzgündür?"
Dübəndinin sözlərinə görə, turistlərin sayı hər zaman dəyişə bilər. Xaricilərin yoxlanılmasına bəlkə də ən çoxu 2 həftə zaman ayrıla bilər. Amma yerli vətəndaşın yoxlanılmasına niyə bu qədər zaman ayrılsın?!
"Düşünürəm ki, hər bir yerli vətəndaşın yoxlanılması üçün bir neçə dəqiqəlik zaman kifayət edir. Bu məsələlərə aydınlıq gətirmək üçün aidiyyəti qurumlarla görüşəcəyik. Bakıdan kənara çıxmamaqla, hansısa sərhədə yaxınlaşmamaqla yelkənli, motorlu qayıqlarla səyahətə çıxmaq üçün uzun-uzadı icazələr tələb olunur", - deyə o, əlavə edib.