CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əfqanıstanda hicablı qadınlara təhsil və iş imkanı veriləcək

Taliban* hərəkatının nümayəndəsi Süheyl Şahinin sözlərinə görə, ABŞ ölkənin mədəniyyətini dəyişdirməyə cəhd göstəməməlidir.
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. Əfqanıstanda hicablı qadınlara təhsil və iş imkanı veriləcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, bunu Taliban* hərəkatının nümayəndəsi Süheyl Şahin bəyan edib. Onun sözlərinə görə, ABŞ ölkənin mədəniyyətini dəyişdirməyə cəhd göstəməməlidir.
"Qadın hüquqlarına əməl olunacaq. Onların (qadınların-red.) təhsil almaq və ya iş imkanı ilə bağlı problemləri olmayacaq. Ancaq biz (Əfqanıstanla ABŞ-red.) bir-birimizin mədəniyyətini dəyişdirməyə cəhd göstərməməliyik. Sizin hicabsız qadınlara təhsil almaq hüququnun verilməsi ilə bağlı sözləriniz – mədəniyyəti dəyişmək cəhdidir. Sizdə bu mümkündür. Bizim mədəniyyətimizdə isə onlar (qadınlar-red.) yalnız hicab geyinməklə təhsil ala və ya işləyə bilərlər",- deyə Şahin "Fox News"-un efirində bəyan edib.
Qeyd edək ki, bir qədər əvvəl Talibanın yüksək səlahiyyətli nümayəndəsi Vahidullah Haşimi bildirmişdi ki, qadınlar üçün məcburi geyim məsələsi İslam İlahiyyatçıları Şurası tərəfindən həll ediləcək. Eyni zamanda, Taliban qadınların bədənini tamamilə örtən geyimdə olmalarını tələb etmədiklərini, yalnız hicabla kifayətləndiklərini bildirib.
Talibanın nümayəndəsi Zabihullah Mücahid isə bəyan edib ki, Əfqanıstanın yeni hökumətində qadın-nazir olmayacaq.
*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı