SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN rəsmisi: Azərbaycan diplomatik kanallarla Rusiyaya etirazını çatdırıb

"Yanlış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Qarşı tərəf məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını ifadə edib".
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində (zakupki.gov.ru) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma “Dağlıq Qarabağ Respublikası” qeyd olunması məsələsinə münasibət bildirib.
Bu barədə Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir.
"Qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırmışdır. Bu kimi yanlış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib", - məlumatda qeyd olunub.