Dünyadakı ağacların üçdə biri məhvolma təhlükəsi altındadır

Ağaclar üçün əsas təhlükə kənd təsərrüfatı fəaliyyəti, meşələrin qırılması, heyvandarlıq, yanğınlar, zərərvericilərin kütləvi şəkildə yayılması və iqlim dəyişikləridir.
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. Kənd təsərrüfatı, heyvandarlıq, oduncaq tədarükü ucbatından dünyadakı ağacların üçdə biri məhv olma təhlükəsi ilə üz-üzə qalıb. Bu barədə Beynəlxalq Botanika Bağlarını Mühafizə Təşkilatının (BGCI) saytında dərc olunmuş hesabatda bildirilir.
"Son beş ildə ağacların beynəlxalq şəkildə araşdırılması çərçivəsində məhv olma riski barədə informasiyaların toplanması məqsədilə bütün dünyada 58 497 ağac növü analiz olunub. İndi biz bilirik ki, 30 faiz ağac növü məhvolma təhlükəsi altındadır və vəhşi təbiətdə nəsli kəsilmiş kimi qeydə alınan ən az 142 ağac növü var", – deyə təşkilatın hesabatında bildirilir.
O da qeyd olunur ki, ağaclar üçün əsas təhlükə kənd təsərrüfatı fəaliyyəti, meşələrin qırılması, heyvandarlıq, yanğınlar, zərərvericilərin kütləvi şəkildə yayılması və iqlim dəyişikləridir.
Hesabat müəlliflərinin fikrincə, təhlükə altında olan ağac növlərinin sayı Malayziya, İndoneziya, Brazilya, Çin, Kolumbiya və Venesuelada daha çoxdur.
Bununla belə, təşkilatın saytında qeyd olunur ki, gələcəyə ümid var. Belə ki, bütün dünyada bitkiçilik birlikləri tərəfindən ağacların qorunub saxlanılması ilə bağlı səylər artırılır.
O da bildirilir ki, bütün ağac növlərinin 64%-ni ən az bir mühafizə olunan ərazidə, təxminən 30% -ni isə botanika bağlarında tapmaq mümkündür.