BAKI, 4 sentyabr — Sputnik. Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və baş verə biləcək neqativ halların qarşısının alınması məqsədilə seminarlar keçirilib.
Müdafiə nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, seminarlarda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri və dövlət qulluqçuları, Respublika Hərbi Prokurorluğunun, Psixologiya Elmi-Tədqiqat İnstitutunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin regional bölmələrinin əməkdaşları mühazirələr oxuyublar.
Çıxış edənlər zabit və əsgərlərimizin mənəvi-psixoloji hazırlığının yüksək olmasından danışıblar. Müdafiə Nazirliyinin rəhbərliyinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə daim ciddi önəm verdiyi vurğulanıb.
Sonda dinləyicilərin sualları cavablandırılıb və mənəvi-psixoloji hazırlıq mövzusunda kitabçalar tədbir iştirakçılarına təqdim olunub.