BAKI, 3 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,64 dollar artaraq 73,96 dollar təşkil edib.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,10 dollar azalaraq 72,93 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,25 dollar ucuzlaşaraq 69,74 dollar olub.
Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.
"Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 20-ci iclasında, iyul ayında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq gündəlik neft hasilatının oktyabrda 400 min barel artırılması barədə əldə edilmiş razılaşmaya Azərbaycan da öz dəstəyini ifadə edib.
Yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının oktyabrda daha 7 min barel artırılaraq 640 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 78 min barel həcmində olmasını nəzərdə tutur.
Xatırladaq ki, OPEC+ ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.
Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olur.
OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının isə 2021-ci ilin 4 oktyabr tarixində keçirilməsi qərara alınıb.