CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı rejissorun filmi Türkiyədə keçirilən festivalda finala vəsiqə qazanıb

Film Hollandiyada yaşayan jurnalist Xatirə Sərdarqızının 28 il sonra Şuşaya qayıdışının hekayəsini və müharibə nəticəsində aldığı uşaqlıq travmasından bəhs edir. Qeyd edək ki, film Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanıb.
Sputnik
BAKI, 2 sentyabr — Sputnik. Türkiyədə keçirilən Diaspora Beynəlxalq Qısa Film Festivalında türkdilli filmlər kateqoriyasında azərbaycanlı rejissor Nazim Şərbətovun ərsəyə gətirdiyi qısametrajlı "28" filmi də finala vəsiqə qazanıb.  Bu barədə Sputnik Azərbaycan-a məlumat verən rejissor Nazim Şərbətovun sözlərinə görə, sözügedən film işğaldan azad olunmuş Şuşaya qayıdışdan bəhs edir.
Onun sözlərinə görə, Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı (YTB), TRT, Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Sinema Genel Müdürlüyü, Anadolu Agentliyi və Boğaziçi Kültür Sanat Vakfı təşkilatçılığı ilə Diaspora Beynəlxalq Qısa Film Festivalı, kifayət qədər rəqabətli seçimlərdən sonra tamaşaçı qarşısına çıxıb:
"İlk ilində 6 qitədən ümumi 3123 filmin müraciət etdiyi və 24 filmin finalist olmağa haqq qazandığı festival, 27-29 Avqust tarixlərində İstanbul Atlas Kinoteatrında təşkil edilib".
Film Hollandiyada yaşayan jurnalist Xatirə Sərdarqızının 28 il sonra Şuşaya qayıdışının hekayəsini və müharibə nəticəsində aldığı uşaqlıq travmasından bəhs edir. Qeyd edək ki, film Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanıb.
Rejissor onu da qeyd edib ki, "Atlas" kinoteatrında nümayiş etdirilən "28" filmi tamaşıçılar tərəfindən maraqla qarşılanıb. Filmin qəhrəmanının real həyatda da əslən Şuşadan olduğunu və 1-ci Qarabağ müharibəsində yurd-yuvasından köçmək məcburiyyətində qaldığını qeyd edən rejissor, qəhrəmanın uşaq vaxtı travmalar, psixoloji sarsıntılar yaşadığını söyləyib.
"Bu hekayədə müharibənin insanlar və uşaqların üzərində nə kimi travmalara səbəb olduğunu göstərmək istədik" deyən Nazim Şərbətov, işğaldan azad olunan bölgələrə gedərək müharibənin yaratdığı dəhşətli izləri göstərmək istədiyini qeyd edib.
Rejissor Nazim Şərbətov
Qeyd edək ki, film Bakıda və Şuşada lentə alınıb.
Festival çərçivəsində bir sıra müxtəlif tədbirlər və görüşlər təşkil edilib. Kino tənqidçiləri və təcrübəli rejissorlar iştirakçılarla görüşərək fikir mübadiləsi aparıb. Festival konsert proqramı və mükafatların təqdim edilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, sözügedən festivalın münsilər heyətinin tərkibində Bakı Beynəlxalq Qısa Filmlər festivalının rəhbəri Fehruz Şəmiyev də var. Diaspora Beynəlxalq Qısa Film Festivalının münsiflər heyətində Azərbaycandan başqa, Belçika, Türkiyə, ABŞ, Ukrayna, Sloveniyadan olan sənət adamları yer alıb.
Həmçinin oxuyun:
"Qızıl şir" mükafatının sahibi bəlli oldu