BAKI, 1 sentyabr — Sputnik. Bu gün İtaliyanın Lido adasında ən qədim beynəlxalq kino nümayişləri, 78-ci Venesiya Film Festivalı başlayır. Sputnik Azərbaycan xəbər verir ki, tədbir bu il Penelopa Kruz, Rossi de Palma və Aytana Sançes-Xitonun baş rolları ifa etdikləri ispan rejissor Pedro Almodovarın "Paralel analar" filmi ilə açılacaq.
Əsas yarışmada 21 film iştirak edəcək. "Qızıl aslan" uğrunda Ana Lili Amirpur ("Mona Lisa və qanlı Ay"), Ceyn Kempion (Baş rollarda Benedikt Kamberbetç və Kirsten Danst oynadıqları "İtin gücü"), Qaston Düpra ("Rəsmi müsabiqə", baş rollarda Antonio Banderas və Penelopa Kruz), Meqqi Cillenxol ("Son qız", baş rolda Olivia Kolman), Pablo Larraina ("Spencer", Şahzadə Diananın rolunda Kristen Stüart) və digərləri mübarizə aparacaqlar.
Məlumat üçün bildirək ki, Venesiya Kino Festivalı 1932-ci ildə ildə "Esposizione Internazionale d'Arte Cinematografica" adı ilə yaradılan, dünyanın ən qədim film festivalıdır. Bu festival hər ilə avqust ayının sonu və ya sentyabrın əvvəlində Venesiyanın Lido adasında keçirilir. Həmin festivalın iki mükafatı - Qızıl Şir - ən yaxşı filmlərə verilən mükafatı, Volpi kuboku - ən yaxşı aktyor və aktrisalara verilən mükafatdır.
Xatırladaq ki, ötən il festivalın əsas müsabiqə proqramında "Qızıl Şir" mükafatı uğrunda yarışacaq filmlər arasında azərbaycanlı rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" bədii filmi də yer almışdı. Həmin film kino tariximizdə ilk dəfə olaraq Venesiya festivalının əsas müsabiqə proqramında ölkəmizi təmsil etmişdi.