BAKI, 1 sentyabr — Sputnik. "Prezident İlham Əliyev tarixə siyasi arenada və döyüş meydanında Zəfər qazanan görkəmli siyasətçi kimi düşüb".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Misirin "Aldiplomasy, "Əl Dövlə", Əlcəzairin "Əl Hərir", həmçinin İraq, İordaniya, Küveyt KİV-lərində dərc olunmuş şərqşünas Həşim Məmmədovun "Qarabağ fatehi və onun dəmir yumruğu" sərlövhəli məqaləsində yer alıb.
Müəllif qeyd edib ki, işğalçı Ermənistanla 44 günlük müharibəni Qələbə ilə başa çatdıran Azərbaycan işğaldan azad etdiyi ərazilərində quruculuq işlərinə start verib. Bu şanlı Zəfərin əsas amili isə xalqın və hakimiyyətin birliyidir.
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad olunan rayonlarda Azərbaycan bayrağını qaldırıb, torpaqların düşmən tapdağından qurtulması missiyasının uğurla başa çatdığını, ermənilərin viran qoyduqları şəhər, kənd və qəsəbələrin tezliklə cənnətə çevriləcəyini bəyan edib.
Məqalədə bildirilir ki, müharibə zamanı minlərlə gənc könüllü olaraq torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşə getməyə can atıb. Onlar inanırdılar ki, hər zaman xalqa arxalandığını söyləyən Ali Baş Komandanın müdrik siyasəti nəticəsində işğal olunan torpaqlarımız geri alınacaq. Azərbaycan Ordusunun şanlı Zəfəri bütün dünyada, o cümlədən İslam aləmində də böyük əks-səda doğurdu.
"İlham Əliyev Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirdi və torpaqların işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmini missiyasını müvəffəqiyyətlə başa çatdırdı", - yazının sonunda vurğulanıb.