Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri Quba rayonunun Xınalıq kəndidir. Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən bu kəndin tarixi min illərlə ölçülür. Xınalıq rayon mərkəzindən 57 km məsafədə yerləşir. Bu yolun hər kilometri maraqlı mənzərələrlə yadda qalır. Bura üz tutan turistlər təbiətin gözəlliyinə biganə qalmayaraq dəfələrlə avtomobillərini saxlayır, təbiətdən zövq alır, video, fotoşəkillər çəkərək sosial şəbəkələrdə paylaşırlar.
Dağların əhatəsində hündür bir qaya üzərində yerləşən qədim Xınalıq kəndi isə kənardan bir amfiteatrı xatırladır. Burada yerli daşlardan tikilmiş qədim evlər, qışda yanacaq əvəzi işlədilən mal peyinindən hazırlanmış gəmrələrin arası ilə gəzdikcə insan sanki fərqli bir sivilizasiyaya düşür. Bu qədimliyin ahəngini isə peyk və mobil operatorların antenaları, müasir su çənləri pozur. Lakin buna baxmayaraq Xınalıq yenə ilin bütün fəsillərində yerli və xarici turistlərin üz tutduğu məkan olaraq qalır.
Sputnik Azərbaycan əlçatmaz dağ kəndi olan Xınalıqdan çəkilmiş fotoları oxucularına təqdim edir.