RUSİYA

Azərbaycan ilə Rusiyanın müvafiq informasiya sistemləri arasında inteqrasiya aparılır

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bitki sağlamlığının təmin edilməsi sahəsində görülən işlərə dair mətbuat konfransı keçirir.
Sputnik
BAKI, 1 sentyabr — Sputnik. Ölkəmizdə karantin ekspertizası üzrə fəaliyyət göstərən laboratoriyaların sayı 5-ə çatdırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, "Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı"nda bitki sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılmasını nəzərdə tutan tədbirlər görülür.
Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə "Bitki sağlamlığı haqqında" qanunun yeni redaksiyada hazırlanması işləri aparılır. Həmçinin bitki mühafizəsi vasitələrinin qeydiyyatı, dövriyyəsi və istifadəsinə nəzarət mexanizmləri təkmilləşdirilir.
O bildirib ki, bununla paralel olaraq, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının maddi-texniki bazasının, infrastrukturunun müasir tələblərə uyğun təchiz olunması bitki sağlamlığının təminatını, həmçinin ixrac potensialını genişləndirib. Belə ki, AQTA yarananadək respublika ərazisində karantin ekspertizası üzrə yalnız 1 laboratoriya fəaliyyət göstərirdisə, hazırda bu laboratoriyaların sayı 5-ə çatdırılıb.
Eyni zamanda respublikada ilk dəfə molekulyar üsullar tətbiq edilməklə bitki virusu və xəstəliklərinin diaqnostikası təşkil edilib. Ölkə üzrə təsərrüfat sahələrində virus və bakteriya xəstəlikləri üzrə mütəmadi monitorinqlər təşkil edilib.
Fitosanitar sertifikatların verilməsi ilə bağlı elektron sistemin beynəlxalq qurumlarla inteqrasiyası həyata keçirilir
Azərbaycan ilə Rusiya arasında idxal-ixrac əməliyyatlarının operativləşdirilməsi, verilmiş müvafiq sertifikatların təhlükəsizliyinin və tamlığının qorunması, elektron məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə iki ölkənin informasiya sistemləri arasında inteqrasiya işləri həyata keçirilir.
Fitosanitar sertifikatların verilməsi üçün Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) elektron informasiya sisteminin müvafiq modulu işə salınıb və sistemin digər beynəlxalq qurumlarla inteqrasiyası üçün işlər aparılır.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiyaya səfəri çərçivəsində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin müvafiq sistemi ilə AQTİS elektron informasiya sisteminin əlaqələndirilməsi məqsədilə müvafiq saziş də imzalanıb.
Sistemlər arasında inteqrasiya həyata keçdikdən sonra Azərbaycandan ixrac olunan fitosanitar məhsullara AQTA tərəfindən verilən sertifikat Rusiyanın müvafiq sisteminə ötürüləcək və qarşı ölkə sertifikatın doğruluğunun yoxlanmasını sistemlə təmin etmiş olacaq.
Bu isə vaxt baxımından real rejimdə təsdiqlənmənin həyata keçirilməsinə və sahibkarların daha rahat ixrac əməliyyatları həyata keçirmələrinə şərait yaradacaq. Bununla yanaşı, sistemlər arasında olan məlumat mübadiləsi imkan verəcək ki, hər hansı bildiriş real vaxt rejimində görünsün və buna uyğun tədbirləri ləngimədən həyata keçirmək mümkün olsun.
Bitki sağlamlığı ilə bağlı həyata keçirilən tədbirlər
O bildirib ki, hazırda qonşu ölkələr də daxil olmaqla, dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan virus və bakteriya mənşəli bir sıra xəstəliklər yayılır. Həmin virus xəstəliklərinin əsas sahib bitkisi pomidor bitkisidir, lakin bu viruslar badımcançiçəklilər və digər fəsilələrə aid olan bitkilərdən badımcan, bibər, kartof və tütünə daha çox zərər vurur.
Qeyd edək ki, 2021-ci ilin ötən dövrü ərzində Azərbaycana Rusiya Federasiyasından pomidor məhsulunda pepino mozaik virusuna görə 4, qonur qırışıqlıq virusuna görə 6, kartof məhsulunda qonur çürümə bakteriyasına görə isə 2 bildiriş göndərilib. Lakin əksər hallarda təsərrüfatlarda mövsümün bitməsi ilə əlaqədar məhsulun olmaması, habelə uyğunsuzluq aşkar edilən mal partiyalarının geri qaytarılmaması bildirişlərin araşdırılması zamanı faktların təsdiqi prosesini çətinləşdirib.
Pomidorla bağlı yalnız bir təsərrüfata bildiriş vaxtında göndərilib, dərhal müəssisədə monitorinq həyata keçirilərək nümunələr götürülüb, həm Agentlikdə, həm də xaricdə – Türkiyə Respublikasında laborator müayinələrə cəlb edilib və virus faktı öz təsdiqini tapmayıb. Virusla bağlı bildiriş gələn digər təsərrüfatlarda bitki qalıqlarının zərərsizləşdirilməsi, təsərrüfatların və istifadə edilən ləvazimatların dezinfeksiyası təmin edilib.
Eyni zamanda ölkə ərazisində bitki mənşəli virusların yayılmasının qarşısının alınması ilə bağlı cari ilin 7 ayı ərzində 200-dən çox pomidor təsərrüfatı və şitilxanada monitorinqlər aparılıb, götürülən nümunələrin laborator müayinəsi zamanı 1 müəssisədə pepino mozaik virusu aşkarlanıb və dərhal fitosanitar tədbirlər görülüb, şitillər Agentlik müfəttişlərinin iştirakı ilə yandırılaraq məhv edilib.
AQTA 23 ölkəyə ölkəmizə idxal edilən toxumların virus və bakteriya xəstəliklərindən azad olması tələbi qoyub
Qoşqar Təhməzli bildirib ki, hazırda dünya ölkələrində bitkilər üçün zərərli olan virus və bakteriya mənşəli xəstəliklərin yayılması müşahidə edilir. Odur ki, bir sıra ölkələr tərəfindən idxal tələbləri sərtləşdirilir, bəzi hallarda məhsul idxalına qadağalar tətbiq edilir.
Həmçinin Pestisidlər və aqrokimyəvi maddələrə nəzarət sistemi qurulur, pestisidlər və aqrokimyəvi maddələrin dövriyyəsi və istifadəsinə qoyulan tələblər sərtləşdirilir, nəzarət gücləndirilir. Ölkəmizdə də bu istiqamətdə zəruri tədbirlər görülür. Belə ki, Bitki Mühafizəsi üzrə Beynəlxalq Konvensiya çərçivəsində 23 ölkəyə Azərbaycana idxal edilən tərəvəz bitkilərinin toxumlarının virus və bakteriya xəstəliklərindən azad olması tələbi qoyulub.