TƏHLİL

Taliblər Fransa və Almaniyada seçkiyə müdaxilə ediblər

Makron hələ öz təklifini doğru-düzgün ifadə etməyə macal tapmamış hazırda Əfqanıstanda vəziyyətə nəzarət edən Taliban* hərəkatının nümayəndəsindən cavab gəldi.
Sputnik
Bu gün Avropa İttifaqı (Aİ) ölkələri daxili işlər nazirləri qeyri-leqal miqrantların gözlənilən yeni dalğası (bu dəfə Əfqanıstandan) ilə bağlı müzakirələrə başlayacaqlar. Əfqan miqrantların səkkiz-on iki həftədən sonra ittifaqın sərhədlərinə gəlib çatacaqları gözlənilir.
Daha yaxşı həyat və sığınacaq axtarışında bir neçə min kilometrlik yolu qət etmək və "Avropa cənnəti"nə gəlib çatmaq üçün iki aydan az, ancaq üç aydan çox vaxt lazım gəlir. Düzdür, onsuz da sərhədlər bağlı olacaq.
Və bu məsələdə illüziyaya qapılmağa ehtiyac yoxdur: həm seçkiyə bir neçə həftə qalmış Almaniyada, həm də səsvermənin birinci mərhələsinin gələn ilin aprel ayına təyin olunduğu Fransada altı il əvvəlki ssenarinin təkrarlanmasından qorxurlar. Həmin vaxt kansler Merkel nəinki Almaniyanın, bütün Avropa İttifaqının qapılarını miqrantların üzünə açmışdı. O zaman Paris, Berlin və ən əsası, Brüsseldə hakimiyyət başında olanların milyonlarla qeyri-leqal miqrantın Avropa imkanlarına assimilyasiya ilə bağlı illüziyaları, şüarları (və onları təbliğ etmək üçün media alətləri) var idi və bütün bunlar həmin vaxt adi avropalıların başına corab hörməyə yardım etdi.
Hazırkı Avropa elitasında bunların heç biri yoxdur. Əvəzində onlar faktiki olaraq evindən məhrum edilmiş cəmiyyətin açıq-aydın narazılığı ilə üzbəüz qalıblar.
Nüfuzlu fransız şirkəti IPSOS-un hələ bir il əvvəl öz sorğuları ilə müəyyənləşdirdiyi rəqəmlərə indi heç bir şübhə yeri qalmır. Həmin nəticələr göstərmişdi ki, Fransa əhalisinin üçdə iki hissəsindən çoxu qeyri-leqal miqrant axını ucbatından artıq ölkələrində özlərini "evlərindəki kimi" hiss edə bilmirlər.
Dünən, ABŞ-ın Əfqanıstandakı 20 illik mövcudluğunun biabırçı sonluğuna bir neçə saat qalmış Fransa (Böyük Britaniya ilə birgə) ən azından "təxliyə planı"nın guya mövcud olduğunu göstərmək məqsədilə son cəhd edərək BMT Təhlükəsizlik Şurasına müzakirə olunmaq üçün qətnamə layihəsi təqdim etdi.
Qətnamə "bufer zonası"nın yaradılması ilə bağlıdır və mümkün olan hər şeyi artıq yerlə yeksan etmiş parisli, londonlu diplomatların fikrincə, "əfqanların təxliyəsi uğrunda səyləri" gücləndirməyə imkan verəcək. Makron hələ öz təklifini doğru-düzgün ifadə etməyə macal tapmamış hazırda Əfqanıstanda vəziyyətə nəzarət edən Taliban* hərəkatının nümayəndəsindən cavab gəldi. O bildirdi ki, buna imkan verməyəcəklər, çünki "Fransa, Paris analoji vəziyyətdə olsaydı, daxili işlərinə xaricdən müdaxiləyə imkan verməzdi".
Ötən bazar günü, axşam saatlarında bu dəfə TF-1-ə müsahibə verən Fransa prezidenti (hər iki halda bu janrın yalnız adı var idi, əslində jurnalistlər onlara Yelisey sarayından diktə olunmuş sualları verirdilər) bir xeyli pəjmürdəhal görünürdü.
Onun düşdüyü vəziyyəti məsumluğunu ("insan haqları" ilə bağlı dəyərləri) qoruyub saxlamaq, eyni zamanda kapital qazanmaq (qarşıdakı seçkidə qalib gəlmək) arzusu ilə ifadə etmək mümkündür. Ancaq hər sonrakı gedişin "böyük şahmat lövhəsində" mövqeyin daha da pisləşməsi ilə nəticələndiyi vəziyyətdə belə, Makron üstüörtülü şəkildə olsa da, Rusiyanın ünvanına (eyni zamanda Çinin də) sərt sözlər səsləndirməsəydi, hazırkı Avropa isteblişmentinin nümayəndəsi olmazdı.
Fransa lideri "indiki vəziyyətdə hər kəs üzərinə müəyyən məsuliyyət götürməlidir" deyərək Moskva və Pekini razılaşdırılmış (kiminlə?) hərəkətlərə çağırıb (və ya təhdid edib).
Vaxtının bitməsinə 26 gün qalan, ancaq təbii ki, bundestaqa seçkidə partiyasının finişə birinci çatmasını arzulayan Merkel daha ehtiyatlı mövqe tutdu. Merkel bu gün Avropada çox vaxt böyük uğursuzluqla nəticələnən gurultulu bəyanatlar verməkdən qaçmağa çalışdı.
Bu barədə vaxtilə saysız-hesabsız "alman dalğaları"nın nə deməsindən asılı olmayaraq, hazırda milyon yarım suriyalının assimilyasiyası ilə bağlı vəziyyət heç də ürəkaçan deyil.
Daha bir alman kansleri Otto Bismarkın da dediyi kimi siyasət – mümkün olanın incəsənətidir.
Hazırda Aİ-də yüz milyonlarla seçicinin taleyini həll edənlərin sözlərindən və əməllərindən çıxış etsək, siyasət vəziyyətdən çıxış yolu axtarmaq, kompromis aramaq, konsensus tapmaq sənətindən vağzallarda yoldan keçənləri hərifləməyə çalışanların üskük oyununa dönüb.
Yalan danışmaq, nala-mıxa vurmaqla insanların gözünə kül üfürmək, prinsipsizlik, üstəlik öz əllərinlə yaratdığı problemləri başqalarının üstünə yıxmaq – hələlik prezidentliyə gələcək namizəd Emmanuel Makronun seçkiqabağı proqramı belə təsir bağışlayır. Bunun üçün, sadəcə, deyilənləri demaqogiyadan ayırıb əsl mahiyyəti görmək lazımdır.
Bu arada, Marin Le Pen ilk turun mümkün nəticələrində liderliyini artırır və bu gün bu barədə nəinki açıq-aşkar, hətta bir qədər cəsarətlə danışırlar. Bəli, Makronun qeyri-qanuni miqrasiyanın məhdudlaşdırılması ilə bağlı gündəmini oğurlamağa çalışdığı "Milli Birlik" partiyasının lideri birinci yerdədir. O, 24 faiz nəticə göstərən Yelisey Sarayının hazırkı sahibinə qarşı 26 faiz səs toplaya bilib.
İnsanlara ölkələrində özlərini ev sahibi kimi hiss etmək hissini qaytarmağa gəlincə, dövlətinin gələcəyini düşünən, düzgün hesab etdiyi şəkildə səs verənlər saxta nüsxəyə deyil, əsl sənət əsərinə üstünlük verməyi bacarırlar.
* Rusiyada qadağan olunmuş terror təşkilatı