BAKI, 31 avqust — Sputnik. Paytaxtın Bakıxanov qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Nərmin Aydınova Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, axtarış zamanı onun üzərindən 9 qram heroin və 8 qram psixotrop maddə - metamfetamin aşkar edilib. Nərmin Aydınova ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və heroin və metamfetamini Ayxan adlı tanışından satmaq məqsədilə aldığını bildirib.
Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirlərinin davamında Nərmin Aydınovaya narkotik vasitələri satan Sabunçu rayon sakini, əvvəllər məhkum olunmuş Ayxan Quliyev də saxlanılıb. Onun da üzərində axtarış aparılan zaman heroin və metamfetamin aşkarlanıb. Həmin şəxs ifadəsində narkotik vasitələri Nərmin Aydınovaya satdığını etiraf edib. Araşdırma zamanı Ayxan Quliyevin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu əcnəbi vətəndaşdan satmaq məqsədilə onlayn yolla aldığı müəyyənləşdirilib.
Faktlarla bağlı 13-cü polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Həmçinin oxuyun: