BAKI, 31 avqust — Sputnik. Bərdə-Ağdam yolu minalardan təmizlənir.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bu barədə "Twitter" hesabında paylaşım edib.
"Mənfur düşmənin Ağdamda hiyləgərcəsinə bir-birinin üstündə basdırdığı və Bərdə-Ağdam yolunun inşası zamanı tapılan minalar minatəmizləyən əməkdaşlarımızın misli görünməyən fədakarlığı nəticəsində təmizlənməkdədir! Təşəkkürlər, ANAMA! Qürur duyuruq! Allah qorusun!", - Emin Hüseynov yazıb.
Xatırladaq ki, ötən gün Baş Prokurorluq daha bir Azərbaycan vətəndaşının minaya düşməsi barədə məlumat yayıb.
Bildirilib ki, 29 avqust 2021-ci il tarixdə Tağıyev Şükür Əşrəf oğlunun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən Daşkəsən rayonu, Alaxançallı kəndinin Kəlbəcər rayonu ilə sərhəd hissəsində yerləşən "Təkqaya" adlanan ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Daşkəsən rayon prokurorluğuna məlumat daxil olub.
10 noyabr 2020-ci ildən - 11 avqust 2021-ci il tarixlərində işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində həlak olan və yaralanan mülki şəxslərin sayı açıqlanıb. Məlumata görə, həmin müddətdə 23 nəfər həlak olub. Bundan başqa, 36 nəfər mülki şəxs azad olunmuş ərazilərdə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xasərətləri alıblar.