SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN: "Azərbaycan həmişə hamının-hamıya prinsipi ilə çıxış edib"

Təcavüz nəticəsində azərbaycanlıların hərbi əsir və girov götürülməsi təcrübəsindən geniş şəkildə istifadə olunub.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk gündən etibarən Ermənistanın təcavüzü ilə üzləşib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
Onun sözlərinə görə, təcavüz nəticəsində azərbaycanlıların hərbi əsir və girov götürülməsi təcrübəsindən geniş şəkildə istifadə olunub.
Leyla Abdulayeva vurğulayıb ki, Azərbaycan bütün illər ərzində bütün öhdəlikləri yerinə yetirir.
"Azərbaycan həmişə hamının-hamıya prinsipi ilə çıxış edib. Ancaq Ermənistan bundan imtina edir", - deyə XİN rəsmisi bildirib. 
Leyla Abdullayeva öz Twitter səhifəsində isə ədalətin bərpasına çağırış edib: 
"Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlılara həsr olunmuş belə bir əlamətdar tədbirin moderasiyasını həyata keçirməkdən qürur duydum. Biz itkin düşmüş azərbaycanlıların yaxınlarının səsini dünyaya çatdırırıq və ədalətin bərpa edilməsini tələb edirik". 
Qeyd edək ki, bu gün ADA Universitetində 30 avqust – Beynəlxalq İtkin Düşmüşlər Günü Konfransı keçirilib. XİN rəsmisi həmin konfransda çıxış edib.