BAKI, 30 avqust — Sputnik. Bu gün Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan -Türkiyə qardaşlığının tarixi və bu gününü, əbədiyaşarlığını ifadə edən Türkiyənin Zəfər Bayramı münasibətilə açıq hava şəraitində tədbir keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, türk iş adamları, tanınmış ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin tarixi və bu gününə nəzər salaraq 30 avqustu Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramı olduğunu bildiriblər. Natiqlər qeyd edib ki, Zəfər bayramının ölkəmizdə təntənəli şəkildə keçirilməsi 44 günlük Vətən müharibəsi dövründə Türkiyə rəhbərliyinin Azərbaycana göstərdiyi ictimai- siyasi dəstək fonunda olduqca əhəmiyyətlidir. Azərbaycanda və Türkiyədə davamlı şəkildə bu cür ictimai-siyasi, tarixi əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyi xüsusi olaraq vurğulanıb.
Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında qeyd edib ki, 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib:
"30 avqust zəfəri Türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açıb.Bu zəfər sayəsində Sevr sazişi tarixin zibilliyyinə atıldıqdan sonra 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan edib. Qəhrəman türk əsgəri 1918-ci ildə öz zəfər bayrağını Azərbaycan torpaqlarında da dalğalandırıb və xalqımızı rus-erməni qoşunlarının həyata keçirdiyi soyqırım aktlarından xilas edib. Azərbaycan Cümhuriyyəti həm də türk əsgərinin zəfərinin əsəridir və xalqımız dünya durduqca bunu unutmayacaq".
Zamin Zeynal onu da bildirib ki, Türkiyənin Zəfər bayramı ölkəmizdə ilk dəfə keçirilib. Zəfər bayramını keçirməkdə əsas məqsəd Azərbayacan Prezidenti cənab İlham Əliyevin və Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Bir millət, iki dövlət tarixi qardaşlıq və dostluq münasibətlərinə ictimai töhfə verərək, soydaşlıq borcunu yerinə yetirməkdir. Qardaş Türk xalqının Zəfər bayramının Azərbaycanda təntənəli şəkildə keçirilməsi Odlar Yurdu Azərbaycandan Türk dünyasına birlik, qardaşlıq, dostluq və əməkdaşlıq mesajını verməkdir.
Türkiyənin Azərbaycandakı səfiri Barış Sayğın çıxış edərək bu böyük zəfərin Azərbaycanda qeyd edilməsinin sevincli və qürurlu olduğunu bildirib. O deyib ki, Azərbaycanın Türkiyə ilə kədəri eyni olduğu kimi zəfəri də birdir. B.Sayğın Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin əbədi olduğunu, Azərbaycanın 44 günlük haqq savaşında bu birliyin öz təsdiqini tapdığını söyləyib.