BAKI, 30 avqust — Sputnik. 44 günlük Vətən müharibəsində qazanılan qələbə hər kəsdə ruh yüksəkliyi yaradıb. İnsanlar möhtəşəm qalibiyyətin yaddaşlarda qalması üçün qələbənin memarları olan şəhidlərin xatirəsinə abidələr, bulaq kompleksləri, divar lövhələri hazırlayıblar. Qazanılan möhtəşəm zəfərdə pay sahibi olanların xatirəsini əbədiləşdirmək üçün ölkədə ilk dəfə olaraq Mingəçevirdə "Vətən fədailəri abidəsi" ucaldılıb.
Abidə keçmiş Mingəçevir kəndi ərazisində elə yerli sakinlərin vəsaiti hesabına inşa edilib. Kənd sakini Etibar Əhmədov Sputnik Azərbaycan-a bildirib ki, abidə təxminən səksən günə ərsəyə gəlib:
"Ötən il noyabr ayının 10-da Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan ordusu, işğalçı Ermənistan silahlı qüvvələri üzərində əzəmətli, möhtəşəm, şanlı bir qələbə qazandı. Bizim bu zəfəri bizə yaşadan oğlanlara borcumuz vardı. O borcun kiçik bir hissəsini ödəmək üçün Mingəçevir kəndinin sakinləri onların şərəfinə abidə ucaltmaq qərarına gəliblər. "Vətən fədailəri" abidəsi bu səbəbdən yaranıb.
“Vətən fədailəri” abidəsi
© Sputnik / Rahim Mammadov
Abidənin ərsəyə gəlməsində 200-dən artıq sakin iştirak edib. Onların 170-dən çoxu maddi dəstək verib, 50-dən artığı isə usta, fəhlə olaraq öz üzərinə düşən işin öhdəsidən gəlib".
Azərbaycan, Türkiyə bayraqları, səkkizgüşəli ulduz, aypara və içərisində alov. Mingəçevir kəndində inşa edilən abidə hər kəsin marağına səbəb olur.
"Vətən fədailəri" abidəsinin işıqlandırlması üçün günəş batereyaları ilə işləyən işıqlar quraşdırılıb.
Qeyd edək ki, Mingəçevir kəndinin vətənpərvər oğulları Qarabağ savaşında canla-başla iştirak edib. Mingəçevir kəndindən Birinci və İkinci Qarabağ müharibəsində 281 nəfər iştirak edib. Onlardan 17 nəfəri şəhidlik zirvəsinə ucalıb.