Kəmaləddin Heydərov Qəbələdə

Kəmaləddin Heydərov helikopterlə əraziyə baxış keçirib, yanğının qarşısının alınması üçün aparılan işlərlə tanış olub.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı yanğın baş vermiş mürəkkəb relyefli dağlıq əraziyə səfər edib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, K.Heydərov helikopterlə əraziyə baxış keçirib, yanğının qarşısının alınması üçün aparılan işlərlə tanış olub. Yanğının söndürülməsi istiqamətində görülən tədbirlər barədə K.Heydərova məlumat verilib.
Nazir daha sonra rayonun Abrıx kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə də yanğının söndürülməsi işləri ilə tanış olub.
1 / 3
2 / 3
3 / 3
K.Heydərov yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri göstərilən ərazidə yanğınla mübarizə tədbirlərini davam etdirir.
Məlumat üçün bildirək ki,  avqustun 26-da Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib. Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir. İlkin məlumata əsasən dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır.