BAKI, 30 avqust — Sputnik. Bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin bu sahədəki fəaliyyətləri ilə bağlı müraciətlərə operativ və kollegial qaydada baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiyanın keçirilən iclasında ümumilikdə 27 müraciətə baxılıb.
Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a məlumat verilib ki, nəticədə müraciət əsasında idxal olunan 22 bioloji fəallığa malik qida əlavəsi sertifikatlaşdırılıb, 5 adda bioloji fəallığa malik qida əlavəsinin isə sertifikatlaşdırılmasından imtina edilib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə"nin 3.0.33-20-ci yarımbəndinə əsasən, bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək Agentliyin vəzifələrinə aid edilib.
Bioloji fəallığa malik qida əlavələrinin idxalı "Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli qərarına, ekspertizası isə Nazirlər Kabinetinin 10 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"na uyğun olaraq həyata keçirilir.
Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Xatırladaq ki, bundan öncə idxal olunan bioloji fəallığa malik qida əlavəsinin istehlaka yararsız olduğu aşkarlanıb.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Fətullayev Elşad Mikayıl oğlu tərəfindən idxal edilən “TIOGREN”, “KAPSUL N40” əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinə Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb edilib.
Aparılan müayinələr nəticəsində idxal olunan 01.06.2021-ci il istehsal tarixli, "AD Medline Sağlı Ürünleri Sanayi Tic. LTD. STİ" istehsalı olan məhsul partiyasında (4 915 qutu) ağır metalın (Kadmium (Cd)) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.
Agentlik tərəfindən məhsulların istehlaka yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib.