Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı otuz il ərzində çoxsaylı mədəni, dini abidələr və məkanlar dağıdılıb, bəziləri tövləyə çevrilib. Bu isə bütün beynəlxalq hüquq və humanizm prinsiplərinə ziddir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə ISESCO-nun sabiq baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tüveycri deyib.
O bildirib ki, dünyada mədəni irsin qorunmasına cavabdeh olan UNESCO bu cür pozuntulara, məscidlərin və digər dini abidələrin təhqir olunmasına qarşı səssiz qalıb: “Torpaqlar işğaldan azad edildikdən sonra UNESCO ayılıb həmin ərazilərə səfər etməyə maraq göstərdi. Azərbaycan bu fikri alqışlasa da, Ermənistan buna qarşı çıxır. Bu, hər zaman aqressiya nümayiş etdirmiş və beynəlxalq hüquqa qarşı çıxan Ermənistan rəhbərliyinin əsl simasını göstərir. İndi UNESCO-dan ədalətli mövqe nümayiş etdirmək, mədəni və dini irs obyektlərinin qorunması, eləcə də Ermənistan rəhbərliyinin yaydığı saxtakarlıq və təhriflərin təkzib olunması ilə bağlı öhdəlikləri üzərinə götürmək xahiş olunur”.
Əbdüləziz bin Osman əl-Tüveycrinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz