BAKI, 27 avqust — Sputnik. Bu həftə Azərbaycanda maraqlı iqtisadi hadisələrlə yadda qalıb. Şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillər və avtomobillərin təqdim edilməsi bu həftə mühüm hadisələrdən biri olub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər.
Bu dəfə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub.
Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanıma buradakı yaşayış kompleksləri barədə məlumat verib.
Bildirilib ki, birinci kompleksdə 1890, ikinci kompleksdə isə 1152 mənzil var. Hər 2 kompleks bütün zəruri sosial-texniki infrastrukturla təchiz edilib.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Xüsusilə qeyd olunmalıdır ki, hazırda dünyada pandemiyanın davam etməsi və iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq Azərbaycanda bu işlər uğurla davam edir. Avqustun 25-də Prezident İlham Əliyevin "Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında" imzaladığı Sərəncam bu prosesin ardıcıl xarakter aldığını göstərir və bu kateqoriyadan olan vətəndaşların mənzil problemlərinin həllində müstəsna rol oynayır.
Müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də onların avtomobillə təmin olunmasıdır. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub.
Kompleksin ərazisində 280 yerlik uşaq bağçası da inşa olunub. Gələcəyimiz olan uşaqların xoşbəxt böyüməsi, onların həm fiziki, həm də mənəvi cəhətdən sağlam olması işinə Azərbaycan dövləti daim xüsusi diqqət göstərir. Bu kompleksdə belə müasir bağçanın istifadəyə verilməsi burada yaşayanların övladlarının asudə vaxtlarının səmərəli təşkil edilməsində böyük rol oynayır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.
Dövlətimizin başçısına və birinci xanıma şəhid ailələri və müharibə əlillərinin sosial təminatı, postmüharibə dövründə sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və avtomobil, həmçinin müasir reabilitasiya vasitələri ilə təminatı istiqamətində görülən işlər barədə də məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mühüm sosial tərəfdaşlarından biridir. Bu tərəfdaşlıq çərçivəsində indiyədək bir çox sosialyönümlü layihələr uğurla icra olunub.
Diqqətə çatdırılıb ki, 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək.
Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Postmüharibə dövründə 26 min nəfərə 36 min xidmət göstərilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qazilərə verilən yüksək texnologiyalı protezlər və əlilliyi olan şəxslərin əl işlərinə də baxdılar.
Kompleksin ərazisindəki 1512 şagird yerlik 2 saylı tam orta məktəb də inşa edilib. Burada şagirdlərin təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq, onların elmin sirlərinə yiyələnmələri üçün bütün imkanlar yaradılıb. Təhsil müəssisəsində informatika, texnologiya, çağırışaqədər hərbi hazırlıq, kimya, fizika, biologiya otaqları, idman zalları, kitabxana şagirdlərin ixtiyarına veriləcək. Azərbaycanda dövlət səviyyəsində təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə daim xüsusi diqqətlə yanaşılır. Bütün bu işlər gənc nəslin bilikli, savadlı və intellektual səviyyədə yetişməsində, həmçinin müəllimlərin təlim-tədris prosesini müasir şəraitdə aparmalarında mühüm rol oynayır.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin üzvləri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanları ilə görüşdülər.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraiti yaxşılaşdırılacaq
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncam imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsini həyata keçirsin, Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat versin, Sərəncamda irəli gələn digər məsələləri həll etsin.
Müəyyən edilib ki, bu Sərəncamda nəzərdə tutulan şəxslərin mənzillə təmin edilməsi bu məqsədlə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nazirliyin balansına verdiyi və ya Nazirliyin həmin məqsəd üçün əldə etdiyi mənzillər hesabına həyata keçirilir.
İpoteka və Kredit Zəmanət Fondu Nazirliyin müraciəti əsasında bu Sərəncamdan göstərilən məqsəd üçün balansında olan mənzillərin Fondun mənfəəti hesabına həmin Nazirliyin balansına verilməsini təmin etməlidir.
Qeyd edək ki, "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" 26 noyabr 2020-ci il tarixli Qanuna əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi kimi müəyyən olunub.
Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Silahlı Qüvvələrimizin bir qrup hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslər, habelə ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Dövlət başçısının 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən Vətən Müharibəsi Qəhrəmanlarına (ölümündən sonra bu ad verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin ailə üzvlərinə) dövlət qayğısını artırmaq məqsədilə onlar üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Təqaüdün aylıq məbləği 2 000 manat müəyyən olunub.
Şəhidlərimizin ailə üzvlərinin, müharibə qazilərinin çevik və genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunması dövlətimizin sosial siyasətinin prioritetlərindən biridir. Dəstək istiqamətlərindən biri kimi, şəhid ailələrinin, müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı sahəsində mühüm addımlar atılır. Ötən dövrdə 10500 şəhid ailəsi və müharibə əlilli mənzil və fərdi evlə təmin edilib. 2021-ci ildə də 3 minədək mənzil və fərdi evin bu kateqoriyalardan olan vətəndaşlara verilməsi nəzərdə tutulub ki, onlardan artıq 1300 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.
Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin mənzillə təmin edilməsi barədə yeni Sərəncamla həmin kateqoriyadan olan vətəndaşlar da dövlətin mənzillə təminat proqramına daxil edilir və bu proqramın əhatə dairəsi daha da genişlənir.
Yasamalda avtomobil yollarının yenidən qurulması üçün 1,6 milyon manat ayrılıb
Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 1,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdamda yarımstansiyalar tikilir
İşğaldan azad edilən ərazilərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hazırda "Azərenerji" tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının hər birində 110/35/10 kilovoltluq yarımstansiyalar tikilir.
Bunun üçün "Şükürbəyli" yarımstansiyasından 40 kilometr məsafədə yeni tikilən "Cəbrayıl" yarımstansiyasına, Cəbrayıldan 45 kilometr məsafədə yeni tikilən "Qubadlı" yarımstansiyasına, Qubadlıdan 29 kilometr məsafədə yeni tikilən "Zəngilan" yarımstansiyasına 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilir. Hər üç yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılmaqla yeni inzibati bina inşa edilir. Yarımstansiyalar məsafədən idarə olunmaqla Dispetçer İdarəetmə sisteminə qoşulacaq. "Cəbrayıl" yarımstansiyasında artıq işlər tamamlanmaqdadır. "Qubadlı" və "Zəngilan"da da işlərin çox hissəsi görülüb və sürətlə davam etdirilərək yaxın vaxtlarda yekunlaşacaq. Bundan başqa, hazırda Ağdam rayonunda 110/35/10 kilovoltluq iki yarımstansiya tikilir.
"Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin verdiyi məlumata görə "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarının tikintisi sürətlə davam etdirilir və sözügedən yarımstansiyalara "Xındırıstan" yarımstansiyasından 40 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir.
Qeyd edək ki, bu günə qədər "Azərenerji" tərəfindən Füzulidən Şuşaya 75 kilometr, Daşkəsəndən isə Kəlbəcərə 70 kilometr məsafədə 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilib və 110/35/10 kilovoltluq "Şuşa" və "Kəlbəcər" yarımstansiyaları tikilərək istismara verilib.
Həmçinin Füzuli şəhərində 110/35/10 kilovoltluq "Füzuli" yarımstansiyası tikilib, eyni zamanda, Füzuli rayonundakı "Şükürbəyli" yarımstansiyası genişləndirilərək tam yenidən qurulub.
Beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan magistralın tikintisi davam etdirilir
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun "Yaşma bağları" yaşayış məntəqəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir.
Layihədə tikinti işləri 5 hissə üzrə aparılır. 1-ci lot yeni yolun 0-29,9, 2-ci lot 29,9-53,5, 3-cü lot 53,5-73,5, 4-cü lot 73,5-92-ci və 5-ci hissə isə 134,700-192,618 kilometrlik hissələrini əhatə edir.
Avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb və layihə üzrə 2 yol qovşağı, 1 yol ötürücüsü, 1 kanal körpüsü, 4 düzbucaqlı yeraltı avtomobil keçidi, 33 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, müxtəlif köçürülmə işləri yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min poqonmetr beton baryerlərin tikintisi icra olunub.
Hazırda işlər digər lotlar üzrə davam etdirilir. Belə ki, 2-ci lot boyu yararsız material qazılıb çıxarılıb, geri dolğu işləri aparılıb, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri görülüb. Yeni magistral yolun sözügedən hissəsində artıq nəzərdə tutulan körpülərin, suötürücü boruların və tunellərin tikintisi üzrə 100 faiz işlər yekunlaşdırılıb.
Layihənin 3-cü lotu üzrə də, həmçinin ərazinin təmizlənməsi, qazma və dolğu işləri həyata keçirilir. Nəzərdə tutulan suötürücü boruların, mal-qara keçidlərinin və yol ötürücülərin inşası davam etdirilir.
4-cü lot üzrə isə hazırda torpaq işləri və suötürücü boruların quraşdırılması və lot boyu nəzərdə tutulan körpülərin inşası işləri icra olunur.
Tikinti layihəsinə uyğun olaraq yol yatağı hazır olan hissələrdə yol əsasının alt və üst layının tikintisi işlərinə başlanılıb. Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində yolun asfaltlanması işlərinə start veriləcək.
Tikinti işləri yeni magistralın 5-ci, Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən hissəsi üzrə sonuncu mərhələdə davam etdirilir. Bu hissədə isə yeni yol yatağı və əsasın tikintisi, süni qurğuların inşası işləri yekunlaşıb. Hazırda sözügedən hissədə asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunur. Yeni istiqamət üzrə inşa edilən və mövcud magistral avtomobil yolundan 13 kilometr qısa olan sözügedən hissənin uzunluğu isə 58 kilometrdir.
Qeyd edək ki, yeni inşa edilən 150 kilometrlik yolboyu ümumilikdə 39 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 514 müxtəlif diametrlərdə dairəvi beton suötürücünün və ehtiyat boruların, 43 düzbucaqlı suötürücü boruların, 20 avtomobil və mal-qara keçidinin tikintisi, həmçinin müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub.
Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi işləri aparılacaq.
Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq respublikamızın iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.
Azərbaycanın xaricə qaz satışı 35 faiz artıb
2021-ci ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda təxminən 20,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 522,2 min ton az olub.
Respublika üzrə neft hasilatının 13,3 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 2,2 milyon tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib.
Hesabat dövründə təxminən 16,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 15,6 milyon tondan çoxu konsorsiumun, 823,7 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 517,5 min ton, yəni 3 faiz azdır.
Cari ilin yanvar-iyul aylarında ölkədə 24,1 milyard kub metr qaz hasil edilib. Qazın 7,5 milyard kub metri AÇG-dən, 12 milyard kub metri "Şahdəniz"dən, 4,6 milyard kub metri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 7,8 faiz, yəni 1,7 milyard kub metr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı təxminən 10,4 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,2 milyard kub metr, Avropaya təqribən 4 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 58,4 milyon kub metr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,2 milyard kub metrdən çox qaz nəql olunub.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 avqust 2021-ci il tarixinədək 569 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli"-dən 537 milyon tondan çox neft, "Şahdəniz"dən isə təqribən 32 milyon tondan çox kondensat çıxarılıb. "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 2021-ci ilin 1 avqust tarixinədək təqribən 569 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Yataqlar istismara veriləndən cari ilin 01 avqust tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 184 milyard kub metrdən çox, "Şahdəniz"dən isə 147 milyard kub metrə yaxın qaz hasil edilib. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın təxminən 100 milyard kub metrdən çoxu ixraca nəql edilib.
Ölkədə neftin emalı 2021-ci ilin yanvar-iyul aylarında 3,9 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 257,9 min ton çox olub.
İsrailin iki aviaşirkəti payızda Azərbaycana uçuşları bərpa etməyi planlaşdırır
Azərbaycan və İsrail mülki aviasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə ikitərəfli görüşündə ölkələr arasında, o cümlədən mülki aviasiya sahəsində qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib.
AZAL rəhbərliyi deyib ki, COVID-19 pandemiyası səbəbindən bağlanan iki ölkə arasındakı hava sərhədləri açıldıqdan sonra, "Azərbaycan Hava Yolları" həftədə iki dəfə - cümə axşamı və bazar günləri Bakı ilə Təl-Əviv arasında uçuşlar həyata keçirir.
Corc Dik vurğulayıb ki, bu payız İsrail aviaşirkətləri "ISR Air" və "Arkia Airlines" Azərbaycana uçuşları bərpa etməyi planlaşdırır. Tərəflər karantin məhdudiyyətlərinin yumşaldılması və epidemioloji vəziyyətin yaxşılaşması ilə İsrail və Azərbaycan arasında sərnişin axınının və yük daşımalarının artırılması imkanının nəzərdən keçiriləcəyinə əmin olduqlarını bildiriblər.
Azərbaycanda toxum sərgi-satış yarmarkaları keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçiriləcək.
Yarmarkalarda Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, "Aqroservis" ASC, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edəcəklər.
Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, "seleksiyaçı-toxumçu-istehlakçı" zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.
Yarmarkalarda əsasən arpa, buğda və tərəvəz toxumları nümayiş etdiriləcək. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat veriləcək və informasiya materialları təqdim olunacaq.
Sərgi yarmarka çərçivəsində, həmçinin "Milli toxum ehtiyatının inkişafı", "Xaricdən toxum asılılığını azaltmaq", "Maksimum dəyər yaradan, təkmilləşmiş sortların toxumunun tez bir zamanda əkin dövriyyəsinə cəlb edilməsi", "Özəl toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi üçün sabit çərçivənin yaradılması" və digər mövzular üzrə müzakirələr aparılacaq.
Toxum istehsalı üzrə respublikada torpaq iqlim zonaları və inzibati rayonlarının zonalar üzrə bölündüyünü nəzərə alaraq toxum sərgi-satış yarmarkaları aşağıdakı qrafik üzrə keçiriləcək:
1 sentyabr - Şamaxı
3 sentyabr - Şəki
6 sentyabr - Ağcabədi
8 sentyabr - Saatlı
10 sentyabr - Cəlilabad
13 sentyabr - Xaçmaz
Yarmarkada məhsulunu nümayiş etdirmək istəyən toxumçular öncədən Aqrar Xidmətlər Agentliyinə müraciət etməlidirlər. Yerlər məhduddur.
Azərbaycan sərgilərə hazırlaşır: Rusiya və Çin alıcılarını nə ilə maraqlandırmaq olar?
2021-ci ilin sonunadək Azərbaycan şirkətləri öz məhsullarını Moskvada keçiriləcək "Heimtextil Russia 2021" və "WorldFood 2021", Çinin Şanxay şəhərində təşkil olunacaq "Çin Beynəlxalq İdxal Sərgisi" (CIIE) sərgilərində "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş etdirəcəklər.
Bu, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.
Bu ilin sentyabrın 14-16-da keçiriləcək Rusiyanın ev tekstili, interyer parçaları və dekor materialları sahəsi üzrə ən iri beynəlxalq sərgisində ("Heimtextil Russia 2021") digər ölkələrdən də şirkətlər iştirak edəcəklər. Sərgidə interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri "Made in Azerbaijan" brendi altında vahid ölkə stendi ilə təmsil olunacaq. Qeyd edək ki, qədim sənət nümunəsi olan Azərbaycan xalçaları ilk dəfə olaraq xüsusi milli stenddə nümayiş ediləcək.
Bundan başqa, sentyabrın 21-24-də keçiriləcək "WorldFood 2021" sərgisində xarici ölkələrdən və Rusiyanın 40-dan çox regionundan aparıcı qida məhsulları istehsalçıları və təchizatçıları geniş çeşiddə qida məhsullarını təqdim edəcək. Sərgidə qida və içki sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri "Made in Azerbaijan" brendli məhsullarını nümayiş etdirəcəklər.
Ölkəmiz bu il artıq 5-ci dəfə "WorldFood 2021" sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq.
5-10 noyabr tarixlərində təşkil ediləcək 4-cü "Çin Beynəlxalq İdxal Sərgisi"ndə qida və spirtli içkilər sahəsində fəaliyyət göstərən yerli şirkətlərimiz "Made in Azerbaijan" brendi ilə təmsil olunacaq. Azərbaycan şirkətləri sərgidə 4-cü dəfə iştirak edəcək və yerli məhsularımız vahid ölkə pavilyonunda nümayiş olunacaq.