BAKI, 27 avqust — Sputnik. Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlıları tam heyətdə Kabil-Ankara-Bakı marşrutu ilə vətənə qayıdıblar. Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin edərək xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edib.
Qeyd edək ki, 20 noyabr 2002-ci il tarixindən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb.
15 yanvar 2008-ci il tarixdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb.
2 oktyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin artırılması barədə qərar qəbul edib. Həmin ilin fevral ayında Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türkiyə Silahlı Qüvvələrinin taboru tərkibində fəaliyyət göstərməyə başlayıb. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin etmiş və patrul xidmətini həyata keçirib.
5 oktyabr 2010-cu il tarixindən etibarən Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi ISAF üzrə əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə missiyaya əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə olmaqla, 4 zabit göndərmiş və sülhməramlı kontingentin sayı 94 nəfərə çatdırılıb.
2015-ci ilin yanvar ayının 1-dən etibarən, Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında 6 aylıq rotasiya planına uyğun olaraq fəaliyyətə başlayıb. İlkin mərhələdə 94 nəfərlik kontingent ilə xidmətə başlayan Azərbaycan Ordusu 9 yanvar 2018-ci il tarixdən missiyaya töhfəsini artırmaq məqsədilə şəxsi heyətinin sayını 120-yə çatdırıb. Missiyanın müvafiq komandanlıqlarında təmsil olunmaqla yanaşı, Azərbaycan Ordusunun sülhməramlı qüvvələri Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını da uğurla icra edib.
Həmçinin oxuyun: