BAKI, 27 avqust — Sputnik. "Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib.
Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar: Final" filminin təqdimat videoçarxına məxsus idi.
Filmin premyerası bu ilin dekabrın 16-da keçiriləcək. 17 dekabr 2021-ci ildə isə ABŞ-da satışa çıxarılacaq. Başlanğıcda premyera 16 iyul 2021-ci ildə nəzərdə tutulsa da, pandemiya səbəbindən təxirə düşüb.
Məlumat üçün bildirək ki, Marvel kino şirkəti bundan əvvəl 24 film istehsal edib. "Dəmir adam" (2008), "Dəmir adam 2" (2010), "Tor" (2011), "Birinci qisasçı" (2011), "Qisasçılar" (2012), "Tor 2: Zülmət aləmi" (2013), "Birinci qisasçı: Başqa müharibə" (2014), "Qalaktika mühafizəçiləri" (2014), "Qarışqa-adam" (2015), "Birinci qisasçı: Qarşıdurma" (2016), "Hörümçək adam: Evə qayıdış" (2017), "Qara pantera" (2018), "Qisasçılar: Sonsuzluq savaşı" (2018), "Qarışqa-adam və Arı" (2018), "Kapitan Marvel" (2019), "Hörümçək-adam: Evdən uzaqda" (2019), "Qara dul" (2021) və s. filmləri istehsal olunub.
Növbəti illər üçün daha 10 filmin premyerası planlaşdırılıb.