SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Minsk qrupunun fəaliyyətsizliyi, S-400-lər, Rusiya və Çin - həftənin siyasi icmalı

Ötən həftə siyasi hadisələrlə zəngin olub. Həftənin siyasi mənzərəsinə Sputnik Azərbaycan-ın icmalında baxın.
Sputnik
BAKI, 27 avqust — Sputnik. Ötən həftə siyasi hadisələrlə zəngin olub. Həftənin siyasi mənzərəsinə Sputnik Azərbaycan-ın icmalında baxın.
Rusiya və Türkiyə S-400-lə bağlı yeni müqavilə imzalayacaq
Avqusutun 23-ü "Ordu-2021" beynəlxalq hərbi-texniki forumu çərçivəsində keçirilən mətbuat konfransında Rusiyanın "Rosoboronexport" şirkətinin Baş direktoru Aleksandr Mixeev bildirib ki, yaxın vaxtlarda S-400 Triumf zenit-raket komplekslərinin tədarükü ilə bağlı Türkiyə ilə müqavilə imzalanacaq
"Məsləhətləşmələr davam edir, proses yekun mərhələdədir. Yaxın vaxtlarda tərəfdaşlarla müqavilənin rəsmiləşdirilməsinə başlayacağıq", - deyə Mixeev bildirib.
Paşinyan Qarabağda ölən erməni hərbçilərin sayını açıqladı
Qarabağda 44 günlük müharibə zamanı 3373 erməni əsgəri ölüb. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclası zamanı bildirib. O, həmçinin qeyd edib ki, 243 hərbçi itkin düşüb.
İyirmi səkkiz il ərzində Minsk qrupu çox imkanları əldən verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çərşənbə axşamı, avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən bildirib ki, iyirmi səkkiz il ərzində Minsk qrupu çox imkanları əldən verib: "Bir çox hallarda mən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini qaldırmışdım. Çünki düşünürdüm ki, bu, toqquşmanın, müharibənin qarşısının alınması üçün bir yol ola bilərdi. Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik. Ötən il, müharibədən cəmi bir neçə gün əvvəl, Baş Assambleyada çıxış edərkən mən beynəlxalq birliyi xəbərdar edərək, Ermənistanın müharibəyə hazırlaşdığını dedim. Bu təbliğat deyildi, Ermənistanın müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilinin nəticəsi idi. Əfsuslar olsun ki, mən haqlı çıxdım. Ona görə də əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi".
Rusiya Mərkəzi Asiyada ABŞ hərbçilərini görmək istəmir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Mərkəzi Asiyada Amerika hərbçilərini görmək istəmir: ""Məncə, "Wall Street Journal" soruşurdu ki, Rusiya amerika hərbçilərini Mərkəzi Asiyada görmək istəyərdimi? Xeyr. Birincisi, bizim ümumi təhlükəsizlik məkanımız var və bu məkanın öz öhdəlikləri var. Mən xarici silahlı qüvvələrin öz ərazilərinə yerləşdirilməsi ilə bağlı məsələlərdə bütün müttəfiqlərin razılığını nəzərdə tutan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını nəzərdə tuturam".
Rusiya və Çin liderləri Əfqanıstana dair razılığa gəldi
Avqustun 25-i Rusiya Prezidenti Vladimir Putin və Çinin sədri Si Cin Pin Əfqanıstandakı vəziyyəti müzakirə edib.
Bildirilir ki, tərəflər Əfqanıstandakı vəziyyəti müzakirə edərkən qeyri-sabitliyin qonşu regionlara keçməsinin yolverilməzliyini vurğulayıblar.
Putin və Si Cin Pin Şanxay Əməkdaşlıq Təşkilatının potensialının maksimum şəkildə istifadəsinə dair razılığa gəliblər.
Qeyd olunur ki, Moskva və Pekin Əfqanıstandan qaynaqlanan terror təhlükələri və narkotik ticarəti ilə mübarizəni gücləndirməyə hazırdır.
Azərbaycan Prezidenti: "Ermənistanı müstəqil ölkə adlandırmaq tamamilə əsassızdır"
"Biz ermənilərin bütün miflərini darmadağın etdik. Bu gün Ermənistan artıq açıq etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, öz sərhədlərini özü qoruya bilmir, öz hesabına yaşaya bilmir. Belə olan halda müstəqillikdən söhbət gedə bilməz". Bunu Prezident İlham Əliyev avqustun 26-sı şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bildirib.
"Ermənistanı müstəqil ölkə adlandırmaq tamamilə əsassızdır. Çünki müstəqil ölkəyə xas olan əlamətlərin mütləq əksəriyyəti Ermənistan dövlətində yoxdur. Bunun da səbəbi onların işğalçılıq siyasətidir. Əgər vaxtında mənim sözlərimə əməl edib torpaqlarımızdan çıxsaydılar, belə bir rəzil vəziyyətə düşməzdilər", - Prezident vurğulayıb.
Dövlətimizin başçısı deyib ki, Ermənistan acı məğlubiyyətin şokunu hələ uzun illər yaşayacaq: "Biz isə bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq, qürurla yaşayacağıq. Öz gələcəyimizi özümüz quracağıq, azad edilmiş torpaqları bərpa edəcəyik. Şəhidlərimizin xatirəsini daim qəlbimizdə yaşadacağıq".
"Bu gün tam bölgəyə sahibik, söz sahibiyik, işğal edilmiş torpaqları azad etmişik"
Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək sovet vaxtında ortaya atılmış tezis idi. Heydər Əliyev hakimiyyətdən gedəndən iki həftə sonra bu, ortalığa atıldı. Görünür, belə planlar çoxdan var idi, amma Heydər Əliyev faktoru, onun qətiyyəti və gücü imkan vermirdi ki, baş qaldırsın. Bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 26-sı şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bildirib.
"O canlı bomba hansı ki, 23-cü ildə qoyuldu Azərbaycanda və o partladı o vaxt. O vaxtki Azərbaycan rəhbərliyi sadəcə olaraq buna ya hazır deyildi, ya da ki, öz vəzifə borcunu yerinə yetirə bilmədi. Bəzi hallarda xəyanət etdi, satqınlıq etdi. Nəticə etibarilə hələ sovet vaxtında Dağlıq Qarabağ Muxtar Vilayəti faktiki olaraq Azərbaycandan defakto ayrılmışdı. Orada bir xüsusi komitə yaradılmışdı. O komitəyə rəhbərlik edən Moskvadan ermənipərəst bir adam gətirilmişdi. Hansı ki, faktiki olaraq orada ermənilərlə birləşib bizə qarşı iş aparılırdı", - deyə prezident xatırladıb.
Bu barədə söhbəti yekunlaşdıran Prezident İlham Əliyev deyib: "Azərbaycanlılar öz doğma torpağında artıq müdafiəsiz bir topluma çevrildilər. Ondan sonrakı tarix məlumdur. Biz isə tarixi, bax bu anti-Azərbaycan siyasəti geri çeviririk. Biz bəzilərinin heç yuxusuna gəlməyən işləri görürük. Bu gün tam bölgəyə sahibik, söz sahibiyik, işğal edilmiş torpaqları azad etmişik. Bu torpaqlarda indi möhkəmlənirik".
Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub
Düşmən sərhəd boyunca təxribatlarını davam etdirir. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 22:20-də Şəmşəddin rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə atəşə tutub.
Cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Taliblərdən aeroportla bağlı Türkiyəyə təklif
Avqustun 27-si Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Talibandan Kabil hava limanını idarəetməyə dair sorğu alıb, lakin Ankara hələlik bu məsələni nəzərdən keçirməyib: "Bizə Talibandan Kabil hava limanını idarə etməyə dair sorğu daxil olub. Onlar bildirdilər ki, təhlükəsizliyə özləri cavab verəcəklər, idarəetməni biz həyata keçirəcəyik. Lakin biz hələlik bununla bağlı qərar verməmişik. Hazırda bizim üçün prioritet oradan öz vətəndaşlarımız və hərbçilərimizi təxliyə etməkdir. Biz Əfqanıstandakı vəziyyəti, mənzərəni tam şəkildə görməliyik, orada indi rəhbərlik yoxdur. Vəziyyət aydınlaşan kimi biz bu məsələni nəzərdən keçirəcəyik".
Həmçinin oxuyun:
İlham Əliyev - Ermənistan acı məğlubiyyətin şokunu hələ uzun illər yaşayacaq