BAKI, 26 avqust — Sputnik. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə bu gün daha 52 nəfər Şuşa sakini öz doğma şəhərinə səfər edib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri bildirir ki, sakinlər Cıdır düzü, qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən güllə-baran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natavan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər ağa məscidlərini ziyarət ediblər. Həmçinin sakinlər öz evlərinə də baş çəkiblər.
Şuşalıların doğma şəhərə səfəri ilk olaraq Cıdır düzündən başlayıb. Onlar Cıdır düzünü gəzib, ötən günləri yada salıb, xatirələrini bölüşüblər. Şuşa sakini, tanınmış rəssam Səyyar Əliyev deyib ki, ötüb keçən 29 ildə Şuşanı çəkdiyi rəsmlərdə yaşadıb. Bu gün isə Şuşaya səfəri ona başqa bir ilham bəxş edib.
Şuşa sakinləri doğma şəhərlərinə səfər ediblər
© Photo : Management of State Reserve in Shusha
“Şuşaya gəldik. Çox sağ olsun prezidentimiz. Sağ olsun möhtərəm dövlət başçımız. Var olsun qəhrəman ordumuz. Şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin. Qazilərə Allah şəfa versin ki, bir yumruq kimi möhtərəm prezidentimizin ətrafında birləşdilər və Şuşanı azad etdilər. Mənfur düşmənlərimizdən Qarabağı xilas etdilər”, - Səyyar Əliyev qeyd edib.
Şuşa şəhərində səfərdə olan bir qrup şuşalı Qala divarlarını, Qalanın Gəncə qapısını ziyarət edib. Onlar 29 ildən sonra Qala divarları, Gəncə qapısı qarşısında fotolar çəkdiriblər.
“Heç təsəvvürümə gətirməzdim ki, Şuşaya bir gün turist kimi, özü də cəmi bir günlüyə gələcəyəm. Ömrümün ən gözəl illəri burada keçib. Amma indi xoşbəxtəm ki, Şuşadayam və bu günü görmək mənə nəsib oldu" - Şuşa sakini Niyamsər Mehdiyeva deyib.
Şuşa sakinləri doğma şəhərlərinə səfər ediblər
© Photo : Management of State Reserve in Shusha
Onun sözlərinə görə, otuz ildir ki, onlar burada əzizlərinin məzarlarını qoyub gediblər:
”Qəbiristanlıqlarımızı ziyarət edə bilməmişik. Evlərimizi ermənilər dağıdıblar. Sevindiricidir ki, torpaqlar alınıb və biz buradayıq. Bunun üçün min dəfələrlə şükür edirəm. Şuşa indi artıq bizimdir, doğma sakinlərinin. Şuşa indi daha inləmir. Yurdumuz erməni vandallarının tapdağından xilas olub. Vaxt gələcək, Şuşanın dağıdılan məscidləri tikiləcək, evləri bərpa olunacaq. Əsas odur ki, yurdumuz bizdədir. Sevinirik ki, biz möhtərəm Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində torpaqlarımıza qayıtmışıq”.
Daha sonra bu gün doğma şəhərinə səfər edən bir qrup Şuşa sakini Yuxarı Gövhər Ağa məscidində olub. Şuşalılar məscidi ziyarət edib, namaz qılıb, dualar oxuyublar. Onlar torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların ruhunu yad edib, qazilərə şəfa diləyiblər.
Şuşa sakini Əzət Salamova əməkdaşımızla söhbətində bildirib ki, bu gün doğma yurduna bu ziyarətin təşkil edilməsindən çox məmnundur və təşkilatçılara minnətdardır:
“Sağ olsun bunu təşkil edənlər, əziyyət çəkənlər. Prezident İlham Əliyev sağ olsun. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə cansağlığı versin! Mən buradan, yəni Şuşadan gedəndə 9 yaşında apardığım oğlum, çox şükür ki, bu gün buraya işçi olaraq qayıdıb. Oğlum "Azərsu"nun işçisi kimi noyabr ayından buradakı işçiləri, hərbçiləri su ilə təmin edir. Bunun üçün də mən xoşbəxtəm. Xoşbəxtəm ki, balalarım öz doğma el-obasındadırlar. Mən dünyanın xoşbəxtiyəm...”
Xatırladaq ki, şuşalıların ilk səfəri avqustun 19-da baş tutmuş, 50 nəfər sakin 29 illik ayrılıqdan sonra öz doğma şəhərlərini görmək imkanı qazanmışdı.
Eləcə də oxuyun:
İtalyan jurnalist yazır: "Gəncə qırğını, unutmaq olmaz"
İnsan fəlsəfəsinə sığmayan barbarlıq - Ağdam növbəti ziyarətçilərini heyrətləndirdi