BAKI, 26 avqust — Sputnik. 2021-ci ilin sonunadək Azərbaycan şirkətləri öz məhsullarını Moskvada keçiriləcək "Heimtextil Russia 2021" və "WorldFood 2021", Çinin Şanxay şəhərində təşkil olunacaq "Çin Beynəlxalq İdxal Sərgisi" (CIIE) sərgilərində "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş etdirəcəklər.
Bu, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq. Bu barədə nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.
Bu ilin sentyabrın 14-16-da keçiriləcək Rusiyanın ev tekstili, interyer parçaları və dekor materialları sahəsi üzrə ən iri beynəlxalq sərgisində ("Heimtextil Russia 2021") digər ölkələrdən də şirkətlər iştirak edəcəklər. Sərgidə interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri "Made in Azerbaijan" brendi altında vahid ölkə stendi ilə təmsil olunacaq. Qeyd edək ki, qədim sənət nümunəsi olan Azərbaycan xalçaları ilk dəfə olaraq xüsusi milli stenddə nümayiş ediləcək.
Bundan başqa, sentyabrın 21-24-də keçiriləcək "WorldFood 2021" sərgisində xarici ölkələrdən və Rusiyanın 40-dan çox regionundan aparıcı qida məhsulları istehsalçıları və təchizatçıları geniş çeşiddə qida məhsullarını təqdim edəcək. Sərgidə qida və içki sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri "Made in Azerbaijan" brendli məhsullarını nümayiş etdirəcəklər.
Ölkəmiz bu il artıq 5-ci dəfə "WorldFood 2021" sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq.
5-10 noyabr tarixlərində təşkil ediləcək 4-cü "Çin Beynəlxalq İdxal Sərgisi"ndə qida və spirtli içkilər sahəsində fəaliyyət göstərən yerli şirkətlərimiz "Made in Azerbaijan" brendi ilə təmsil olunacaq. Azərbaycan şirkətləri sərgidə 4-cü dəfə iştirak edəcək və yerli məhsularımız vahid ölkə pavilyonunda nümayiş olunacaq.