CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Malazgirt zəfəri münasibətilə qurulan Azərbaycanın tanıtım çadırının açılışı olub

Açılış mərasimində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycanın Qars Baş konsulu Nuru Quliyev, yerli ictimaiyyət və nümayəndələri, qeyri-hökumət təşkilatı təmsilçiləri iştirak ediblər.
Sputnik
BAKI, 25 avqust — Sputnik. Türkiyədə Malazgirt zəfərinin 950-ci illiyi münasibətilə Bitlisin Ahlat rayonunda keçirilən tədbirlər çərçivəsində Azərbaycan mədəniyyətini tanıtmaq məqsədilə qurulan çadırın açılış mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyi və ölkəmizin Qars şəhərindəki Baş konsulluğu tərəfindən təşkil edilən çadırda Azərbaycanın tarixi, mədəniyyəti, Qarabağ zəfəri və Azərbaycan-Türkiyə münasibətlərini əks etdirən görüntülər nümayiş edilir.
Açılış mərasimində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycanın Qars Baş konsulu Nuru Quliyev, yerli ictimaiyyət və nümayəndələri, qeyri-hökumət təşkilatı təmsilçiləri iştirak ediblər.
Naxçıvan Dövlət Filarmoniyasının "Şuşa" muğam qrupu müxtəlif ifaları ilə tədbirə xüsusi rəng qatıb. Qeyd edək ki, Malazgird döyüşləri 1071-ci il avqustunda baş verib. Bu savaşda Səlcuqlar və Bizans ordusu üz-üzə gəlib və döyüşdə Səlcuqlar rəşadətli qələbə çalıblar. Böyük Səlcuq hökmdarı Alp Arslan ilə Bizans İmperatoru Romen Diyojen arasında gedən müharibənin avqustun 26-da səlcuqlu igidlərinin zəfəri ilə başa çatması Anadolunun qapılarını əbədi olaraq türklərə açıb. Bu zəfər sayəsində Səlcuqlarla Bizans arasında 50 illik müqavilə imzalanıb və beləliklə də Şərqi Anadolu torpaqları türklərə təslim edilib. Bəzi mənbələrdə göstərilir ki, bu qələbə münasibətilə Bağdad xəlifəsi Alp Arslanı təbrik edərək onu "İslamın nuru" adlandırıb.