CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş pediatr: valideynlər süni qidaları uşağa verəndə yaxşı-yaxşı düşünməlidirlər

"Uşaqların cizgi filmlərinə aludəçiliyi autizm xəstəliyinin başlanğıcı ola bilər. Bəzi analar elə düşünür ki, cizgi filmləri uşağı inkişaf etdirir. Bu yanlışdır. 2 yaşına qədər uşaqlara isə bu, qətiyyən olmaz".
Sputnik
BAKI, 25 avqust — Sputnik. Dünyada ana südünü əvəz edə biləcək süni qida yoxdur. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımında Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib. O bildirib ki, həkim təyinatı olmadan uşağa süni qida verilməməlidir:
“Ana südü uşaq ölümlərini azaldan amillər içərisində ən əsas komponentlərdən biridir. Bütün dünyada birinci yerdə ana südüdür. Üçüncü yerdə isə peyvəndlər gəlir. Valideynlər süni qidaları uşağa verəndə yaxşı-yaxşı düşünüb, sonra bu addımı atmalıdır".
Baş pediatr deyri ki, ananın südünün kəsilməsinin səbəbləri araşdırılmalıdır:
"Hansı həkim desə ki, süni qida ana südünü əvəz edə bilər, tamamilə yalandır. Məcbur qaldıqda, həkim yalnız ana südünü əvəz etmək süni qida tövsiyə edə bilər. Ümumiyyətlə, Hər uşağa uyğun olan qida verilməlidir”.
Baş pediatr uşaqların boy-çəki problemindən də danışıb.
“Azərbaycanda 5 il ərzində 20 minə yaxın uşaq arasında boy-çəki normaları ilə bağlı tədqiqat aparılıb. Tədqiqat sırf azərbaycanlı uşaqları əhatə edib. Artıq hər kəs öz uşağının boy və çəkisinin normaya uyğun olub-olmadığını müəyyənləşdirə biləcək", - deyə o bildirib.
Həkim bildirir ki, bir insanın boyu və çəkisi üçün genetika da çox vacib amildir:
"Uşaqların boy, çəki və baş dairəsinin ölçüsü norması artıq əlimizdə var. Tədqiqat nəticəsində yeni normalar qəbul olunub. Mən bu sənədi Səhiyyə Nazirliyinə göndərəcəyəm. Səhiyyə Nazirliyinin saytında yerləşdiriləndən sonra hər kəs bu sənədlə tanış ola biləcək”.
Baş pediatr digər zəruri məsələyə də toxunub. Onun qənaətinə görə, uşaqların cizgi filmlərinə aludəliyi autizm xəstəliyinin başlanğıcı ola bilər.
"Bəzi analar elə düşünür ki, cizgi filmləri uşağı inkişaf etdirir. Bu yanlışdır. 2 yaşına qədər uşaqlara isə bu, qətiyyən olmaz”, - deyə o vurğulayıb.
Nazirlik nümayəndəsi onu da bildirib ki, uşaq üçün ən əsası ana ilə vaxt keçirməsidir:
"Ümumiyyətlə, yemək yeyəndə uşaqların əlinə tablet, telefon verilməməlidir. Çünki uşaqlar zamanla özünə qapanır, danışmır”, - deyə həkim fikrini tamamlayıb.
Həmçinin oxuyun:
Baş pediatr: “Uşaqlarda yaddaş artırmaq üçün dərmanlardan istifadə etmək düzgün deyil”