Sözdə demokratiya: Ukrayna necə senzura və repressiyalar ölkəsinə çevrildi

Ekspertlərin fikrincə, bu ölkədə baş verənləri rəsmi hakimiyyət orqanlarının mövqeyindən işıqlandırmayan jurnalistlər sosial şəbəkələrdə hücumlara və dövlət səviyyəsində təqiblərə məruz qalırlar.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Son 20 ildə Ukraynada oliqarxiya klanlarının təkbaşına hakimiyyət uğrunda ardı-arası kəsilməyən mübarizəsi gedir. İki dəfə – 2004 və 2013-14-cü illərdə qarşıdurma antikonstitusion, güc tətbiqi formasına keçdi. Hətta əgər ölkənin cənub-şərqində baş verən hadisələri nəzərə almasaq belə, radikallara əsaslanan hakimiyyət təmərküzləşməsi senzura və terrorla nəticələndi.
Ukraynada fərqli düşüncəyə qarşı repressiyalar və jurnalistlərə hücumla bağlı – Sputnik-in materialında.

Donbasa nifrət təbliğ olunur

"Avromaydan" və ölkənin cənub-şərqindəki vətəndaş müharibəsi Ukraynanın ən yeni tarixində ən qanlı səhifədir.
2014-cü ilin fevral ayında Kiyevdə snayperlərdən açılan atəş nəticəsində 75 nəfər "Avromaydan" iştirakçısı və hüquq-mühafizə orqanı əməkdaşı həlak oldu, 570-dən çox insan yaralandı. Hadisənin təhqiqatı hələ də yekunlaşmayıb, günahkarlar isə tapılmayıblar.
2014-cü ilin may ayında Odessa Həmkarlar Təşkilatı binasında yanğın baş verdi. Həmin vaxt 42 nəfər həlak oldu – tüstüdən boğuldular, yandılar və ya çaxnaşmada ayaq altında qaldılar. Ukrayna mediası, rəssam Aleksandr Roytburdun məsləhəti ilə ölənlər arasında "Rusiya və Dnestryanı vətəndaşları"nın olduğunu təkzib etdi.
Ukraynanın cənub-qərbindəki silahlı münaqişədə hələ də insanlar həlak olurlar. Luqansk kinematoqrafçıları Donbasda baş verən real hadisələr əsasında "Opolçenoçka" adlı bədii film çəkiblər. Layihə "Rossotrudniçestvo" tərəfindən dəstəklənib. Filmin beş dilə tərcümə olunaraq xaricdəki bütün "Rus Evləri"ndə nümayiş etdirilməsi planlaşdırılır.
"2019-cu ildə biz münaqişənin necə başladığı, Donbas sakinlərinin niyə ayağa qalxdığı, insanların niyə əlinə silah aldığından bəhs edən "Opolçenoçka" filmini buraxdıq. Həmin vaxta kimi Ukrayna təşviqatı beş bədii film buraxmışdı. Və onlardan hər birində Rusiya təcavüzü təsvir olunur, donbaslılar isə barbarlar kimi qələmə verilir", – deyə “Luqafilm” kinostudiyasının rəhbəri Roman Razum bildirir.
Onun sözlərinə görə, Ukrayna gənclərində bilərəkdən Donbas sakinlərinə qarşı nifrət formalaşdırılır, onlar düşmən kimi təqdim olunurlar.
"RT International" telekanalının müxbiri, 2014-cü ildən Donbasdakı hərbi münaqişəni işıqlandıran Roman Kosaryev belə hesab edir ki, hazırda Ukrayna cəmiyyəti parçalanıb. Bununla belə, onun fikrincə, ölkədə rusofob əhval-ruhiyyəni dəstəkləməyən vətəndaşların sayı daha çoxdur.
"Təəssüf ki, azğın rusofobiyanı dəstəkləməyən ukraynalılar ictimaiyyət qarşısında öz fikirlərini açıqlaya bilmirlər. Bunun səbəblərindən biri öz həyatları və yaxınlarının təhlükəsizliyi sarıdan qorxu duymalarıdır. Öz mövqeyini dilə gətirməkdən çəkinməyənlərin evinə isə Milli Korpusun* nümayəndələri "təşrif buyurur" və onların ictimaiyyət qarşısında üzr istəmələrini tələb edirlər", – deyə Kosaryev vəziyyəti təsvir edir.
Onun sözlərinə görə, aqressiv azlıq rusofobiyanı, qətlləri təbliğ edərək Donbası ruslardan, hətta orada doğulub boya-başa çatanlardan belə təmizləməyə çağırırlar.

Dekommunizasiya kursu

2014-cü ildən sonra Ukraynada dırnaqarası "dekommunizasiya" elan edildi və bu, tezliklə ən böyük müxalifət partiyalarından biri olan Ukrayna Kommunist Partiyasının qadağan edilməsi ilə nəticələndi. Kommunistlər Ukraynada hakimiyyəti dövlət çevrilişində, Donbasdakı vətəndaş müharibəsində və Konstitusiyanın pozulmasında günahlandıran yeganə siyasi qüvvə idi.
"Müxalifət mediasına hücumlar niyə baş verdi? Müxalifətdə olan siyasətçilər niyə döyüldü? Oles Buzin niyə qətlə yetirildi? Çünki Ukrayna demokratik dövlət deyil. Bu ölkə yalnız kağız üstündə və Qərb politoloqları tərəfindən dilə gətirilən sözlərdə demokratikdir. Kommunist partiyasının qadağan olunmasında təəccüblü heç nə yoxdur. Bəlkə də bu partiya mövcud iqtidara ən böyük təhdid deyildi, ancaq indiki siyasi elitanın antikommunist meyli çərçivəsində partiyanın qadağan olunması olduqca məntiqə uyğundur", – deyə İnteqrasiya Perspektivlərinin Araşdırılması Mərkəzinin direktoru Sergey Rekeda vurğulayır.
Və yaxud qət-təzə nümunə – "Həyat uğrunda Müxalifət Platforması"nın lideri Viktor Medvedçukun "dövlətə xəyanət" və "separatçıların maliyyələşdirilməsi kimi siyasi ittihamlarla təqib olunması. 2019-cu ilin fevral ayında Medvedçuk Donbasın muxtariyyəti ilə bağlı yeni sülh təkliflərini açıqladıqdan sonra ona qarşı cinayət işi qaldırıldı.
Partiya siyasi şura sədrinin planının əsas məqsədi Donbası Ukraynanın tərkibində öz parlamenti və hökuməti olan muxtar bölgəyə çevirmək idi. Ukrayna hakimiyyəti məhz bunu separatçılığa çağırış hesab etdi.

Jurnalistlər təqib olunurlar

Ukraynada baş verənləri rəsmi hakimiyyət orqanlarının mövqeyindən işıqlandırmayan jurnalistlər sosial şəbəkələrdə heyterlərin hücumlarına və dövlət səviyyəsində təqiblərə məruz qalırlar.
"Donbasdan canlı yayımdan sonra mənə sosial şəbəkədə belə mesajlar gəlməyə başladı: "Səni elə canlı yayımdaca boğmaq istəyirəm!" və yaxud, "səndən "iki yüzlük", "heç olmasa, "üç yüzlük"* çıxsaydı, əla olardı!", "Şəxsi qərəzim yoxdur, amma sən düşmənsən", – deyə Kosaryev başına gələnləri nəql edir.
RT-nin müxbiri "təbliğat xarakterli reportajları"na görə və Ukrayna sərhədini qanunsuz yolla keçməsi səbəbindən "Mirotvorets" saytının bazasına da daxil edilib.
"Bu Ukrayna saytında mənim "bədxah əməllərim" sırasına həm də xeyriyyə aksiyaları çərçivəsində hər il Donbas uşaqlarını Yeni İl münasibətilə təbrik etməyim, hədiyyə verməyim də daxil edilib. Bax, mən belə təhlükəli cinayətkaram", – deyə Kosaryev gülərək əlavə edir.
O təəssüflə qeyd edir ki, Donbasda müharibə vaxtı doğulan uşaqlar indi məktəbə gedir, münaqişə isə hələ də başa çatmayıb. Uşaqlar da məktəbdə Ukraynanın reallıqla heç bir əlaqəsi olmayan ən yeni tarixini öyrənirlər.
Jurnalistlərin öldürülməsi və qələm əhlinə qarşı sui-qəsd hadisələrini də yada salmaq yerinə düşər. 2014-cü ilin fevral ayında Kiyevin mərkəzində "Vesti" qəzetinin reportyoru Vyaçeslav Veremi qətlə yetirildi; 2015-ci ilin martında "Netişinski vestnik" qəzetinin baş redaktoru Olqa Moroz öz evində öldürüldü; 2016-cı ilin iyul ayında isə telejurnalist Pavel Şeremet avtomobilin partlaması nəticəsində həlak oldu.
* "Milli korpus" Ukrayna partiyası "Azov" milli batalyonunun əsasında yaradılıb. Həmin batalyona qarşı Rusiyada cinayət işi qaldırılıb.
* "iki yüzlük", "üç yüzlük" – öldürülən və ya yaralanan şəxsi heyət itkisinə verilən gizli ad. "İki yüzlük" – öldürülmüş, "üç yüzlük" isə yaralanmış mənasına gəlir.