BAKI, 23 avqust — Sputnik. Böyüklər üçün nəzərdə tutulan saytlara giriş zamanı Avstraliyada rəqəmsal pasport tələb olunacaq. Burada məqsəd azyaşlıları müxtəlif zərərli informasiyalardan - zorakılıq və pornoqrafik məlumatlardan mühafizə etməkdir.
Avstraliya ilə yanaşı digər ölkələr də bu gün uşaqların pornoqrafik və zorakılığı təbliğ edən materiallara, informasiyalara əlçatanlığının qarşısını almaq üçün müxtəlif qanun layihələri hazırlayırlar.
Azərbaycanda da bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Əksər hallarda uşaqların telefonda yaşlarına uyğun olmayan, şiddət və zorakılığı təbliğ edən oyunlar oynadığının şahidiyik. Bu və bu kimi problemlər getdikcə daha da artır. Hüquq müdafiəçisi, Demokratiya və insan hüquqları komitəsinin sədri Çingiz Qənizadə Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışaraq problemin ölkəmiz üçün aktuallığından söz açıb:
"Azyaşlı nəvəm var. O da zorakılığı təbliğ edən, güc nümayiş etdirən videolara baxdığına görə vurmaq, yıxmaq, kiməsə bıçaq vurmaq, boynunu qırmaqdan danışır. Bunu da eləməyə cəhd edir. Təbii ki, yaranmış vəziyyəti pis dəyərləndirirəm. Əlçatanlıq o həddədir ki, hətta analar uşağı yedirtmək üçün müxtəlif video və filmlər qoyurlar ki, o, telefona baxsın, təki yeməyini yesin. Digər tərəfdən yanaşsaq, görərik ki, böyüməkdə olan uşağın psixologiyası da dəyişir".
Ç.Qənizadə bildirir ki, zorakılıq təbliğ edildikcə uşaq da o cür formalaşır:
"Deyirik ki, ailədə şiddət görən uşaqlar sonradan cinayətə meyilli olurlar. Bu istər real, istərsə də, virtual həyatda olsun, hər ikisində belədir. Belə olan halda həmin uşaqların tərbiyəsində, ictimaiyyətdə özlərinə müəyyən yer tutmalarında, əxlaqında, emosiyalarında müəyyən problemlər olacaq. Bu səbəbdən də yaranmış bu vəziyyəti çox pis qiymətləndirirəm".
Ç.Qənizadə həmçinin qeyd edib ki, virtual məkanla bağlı qəbul olunan qərarlar işləmir:
“Kim nəyi təbliğ etmək istəyirsə, virtual məkana daxil olur və bunu təbliğ edir. Uşaqlarla bağlı çox narahatam. Böyüməkdə olan gənclərimiz təsadüfən əxlaqsız filmlərə də baxırlar. Məndə olan məlumata görə, 9-10 yaşlı uşaqlar "TikTok" sosial şəbəkəsinə daxil olaraq hətta böyüklərin baxması eyib hesab edilən görüntüləri izləyir, sonra bununla bağlı valideynlərinə suallar da verirlər".
Ekspert birmənalı şəkildə Avstraliyada qəbul olunan qanunu dəstəklədiyini və onun Azərbaycanda da tətbiqinin vacibliyini vurğulayıb:
"Dövlət və hakimiyyət bu problemlə əlaqədar müəyyən qrup və peşə sahiblərinə tapşırıqlar verməlidir ki, belə arzuolunmaz halların qarşısının alınması, heç olmasa azaldılması üçün işlərə başlanılsın".
Həmçinin oxuyun: