BAKI, 20 avqust — Sputnik. Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər sayəsində bu gün günorta saatlarında söndürülüb.
Sputnik Azərbaycan bu barədə FHN-in saytına istinadən məlumat verir.
Yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təqribən 35 hektar ərazidə quru ot və kol-kos yanıb.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak ediblər.
Hazırda bəzi yerlərdə soyutma tədbirləri görülür.
--------------
19.08.2021
19:08
Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi sayəsində Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının genişlənməsinin qarşısı alınaraq nəzarət altına alınması mümkün olub. Hazırda ərazidə bəzi tüstülənmə mənbələrinin tam söndürülməsi və soyutma işləri həyata keçirilir. Bu barədə Sputnik Azərbaycan FHN-ə istinadən xəbər verir.
Qeyd edək ki, relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava şəraiti yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, yanğının tam söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq həyata keçirilir.
Yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edir.