“Fermerlərin maddi rifah halının yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Vüqar Hüseynov bildirib ki, Prezidentin tapşırıq və tövsiyələrinə əsasən, pambıqçılığın dəstəklənməsi istiqamətində daha bir addım atılıb: “Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər. Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla artırılıb. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub. Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlər xeyli əlavə qazanc əldə edəcəklər”.
Qeyd edək ki, ötən il Azərbaycanda 336 min tondan artıq pambıq istehsal olunub, orta məhsuldarlıq 33,6 sent/ha təşkil edib. Bu, son illər pambıqçılıqda qeydə alınan ən yüksək məhsuldarlıqdır.
Vüqar Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz