BAKI, 16 avqust — Sputnik. Tanınmış insanlar xarici görünüşlərinə xüsusi diqqət edirlər. Onlar gözəl və incə görünmək üçün bir çox üsullara əl atırlar. XXI əsrdə müxtəlif cərrahi əməliyyatların köməyi ilə arıqlamaq dəb halını alıb. Bir çox məşhurlar bunun sirrini gizlətsələr də arıqlama sirrini bölüşənlər də var.
Bir zamanlar ağır çəkidən əziyyət çəkən tanınmış aparıcı Nəsib Nur formada qalmağın sirrini Sputnik Azərbaycan-la bölüşüb:
"Əvvəllər yemək yeyirdim, indi isə dadına baxıram. Əslində heç nədən imtina etməmişəm. Az-az hər şeyin dadına baxıram. Həyatımdan zərərli insanları çıxardığım kimi, zərərli yeməkləri də çıxarıram. Hər ikisi vacibdir. Zərərli insanlar insanı məhv etdiyi kimi, zərərli yeməklər də məhv edir. Çalışıram sağlam qidalanım. Bəzən insanlar görünüşcə gözəl görünən meyvələri, tərəvəzləri alırlar. Mən isə həmişə orqanik məhsul alıram. İnsanlara da tövsiyəm budur ki, xarici görünüşü gözəl olan meyvələrdən uzaq qaçsınlar. Qurd düşmüş, xarici görünüşü göz oxşamayan meyvələr bizim orqanizmimiz üçün daha faydalıdır. Mən də həmişə çalışıram belə meyvələrlə qidalanım".
Aparıcı bir müddət öncə o qədər arıqlayıb ki, ətrafdakılar onu bir az kökəlməyi tövsiyə ediblər:
"Pandemiya başlayandan evdə meyvəni çəkirəm, içinə zəncəfil də əlavə edirəm, həm özüm, həm də uşaqlar içirlər. Bunun sayəsində həm virusdan qorunduq, həm də çəkimizi qoruyub saxlaya bildik. Bir müddət əvvəl o qədər arıqlamışdım ki, mənə dedilər ki, bir az kökəlməlisən. İndi isə normal çəkidəyəm, çalışıram ki, çəkimi qoruyub saxlayım. Həm də belə bir söz var, insan nə yesə, elə odur. Ona görə də insanlar gərək yediklərinə diqqət etsinlər ki, həm sağlam olsunlar, həm də formada qala bilsinlər".
Bir zamanlar artıq çəkidən əziyyət çəkən sənət adamlarının sırasında Elmira Ələkbərzadə də olub. Əvvəllər 80 kilodan artıq çəkisi olan müğənni idman və dietoloqun sayəsinə çəkisinin 48 kiloqrama düşdüyünü deyir:
"Hamiləlik dönəmində biraz kökəldim, amma sonra əvvəlki çəkimə geri qayıtdım. Elə insanlar var ki, onlar arıqlayırlar, düşünürlər ki, bir daha əvvəli çəkilərinə qayıtmayacaqlar. Amma unutmaq olmaz ki, insan yaşa dolduqca köklüyə doğru gedir. Çalışıram ki, öz çəkimi saxlayım. Sadəcə normal qidalanıram. Heç nədən imtina etməmişəm, az-az yeyirəm. Ürəyim qızardılmış ət istəyirsə, mən onu yeyəcəm. Heç vaxt ürəyim istəyən yeməyə “yox” demərəm. Birinci dəfə arıqlayanda hər şeydən imtina etmişdim. Amma bu da düzgün deyil. Dietoloqlar pəhriz yazanda siyahıya toyuq, ət, süd salırlar. İranda dietoloqlar rasiona mütləq kərə yağı əlavə edirlər. Uzun illər keçməsinə baxmayaraq mən hələ də öz çəkimdə qalmışam. Artıq özüm özümün dietoloquyam".
Haşiyə: Əməkdar artist Elmira Ələkbərzadə bir neçə il öncə saytların birində 18 dəfə əməliyyat masasına uzandığını etiraf etmişdi: “Arıqlamaq üçün 18 dəfə əməliyyat olundum. 3 il yarıma 50 kilo arıqladım. İnsanlar var ki, bu nəticəni illərlə əldə edə bilmir. Kök olanda gündə təzyiqim 220-140-a çatırdı. Arıqladıqdan sonra isə şükür bu problemim də bitdi. Əməliyyatıma xərclədiyim pula Amerikada iki dənə yaxşı klip çəkdirərdim".
Bir zamanlar səhnəmizin ağır çəkililəri sırasında Abbas Bağırov da var idi. Müğənni nə az, nə çox 45 kiloqramdan çox arıqlayıb. Müğənni istədiyi görünüşü əldə etdiyini vurğulayıb:
“Mənə çox arıqlamısan deyənlərə cavab vermək istəyirəm: musiqiçi səhnədə hər zaman əla görünməlidir. Özümə əvvəlki kimi kök olmağı yaraşdırmıram. Ciddi idmanın və pəhrizin nəticəsi məni istədiyim çəkiyə gətirdi. Sual verməyin ki, nə pəhriz saxlayıram, harada idman edirəm. İstənilən idman zalında məşq etmək olar. Pəhriz saxlamaq üçün həkimə müraciət edin”.
Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə də ideal çəkiyə sahib olmaq üçün əməliyyat etdirənlər sırasındadır. Müğənni Bakıda fəaliyyət göstərən özəl klinikalardan birində əməliyyat keçirib. Əməliyyatla o, 10 kg artıq çəkidən azad olub.
Xalq artistinin özü də liposaksiya yolu ilə artıq piylərdən azad olub. A.Kazımova uğurlu əməliyyatlarına görə rusiyalı cərrah Nekrasova borclu olduğunu hər dəfə xüsusi vurğulayır. O, dünyada yeganə müğənnidir ki, plastik cərrahiyyə əməliyyatını lentə aldırıb və bunu “Tez gəl” klipi altında tamaşaçılara təqdim edib. Hər zaman ideal görnüşü ilə insanları təəccübləndirən müğənni formada qalmaq üçün dəfələrlə müxtəlif əməliyyatlar keçirib.
"Tobbuş bacı" ləqəbli əməkdar artist Tünzalə Əliyeva isə bu barədə sözün əsl mənasında inqilab edib desək, yanılmarıq. Aktrisa bir çox cəhdlərinə rəğmən o qədər də nəticə almayıb. Sonda mədəni kiçiltmək əməliyyatını etdirən aktrisa bunun nəticəsində 32 kiloqram arıqlayıb:
"İndi bacardığım qədər pəhriz saxlamalıyam ki, mədəm genişlənməsin. İki ildə 6 dəfə əməliyyat olunmuşam. Həkim soruşdu ki, nə qədər arıqlamaq fikrindəsən? Dedim, 80 kiloqram olmaq istəyirəm. O da söz verdi ki, fevrala qədər 80 kiloqram olacaqsan. İndi 100 kiloqrama qədər arıqlamışam", - deyə aktrisa qeyd edib.
Çoxları elə bilirdi ki, aktrisa arıqladığıma görə onkoloji xəstəliyə düçar olub. Aktrisa bunu təkzib edib: "Həkimim mənə deyirdi ki, arıqlamağım onkolji xəstəliyin qarşısını nisbətən alıb".